Skip to main contentAccess keys helpA-Z index
BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 03 Yanvar, 2011 - Published 15:43 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Türkiyə yeni dünya nizamını yaradanlardan olmaq istəyir
 
davutoglu
Türkiyənin xarici işlər naziri Ahmet Davutoğlu öz ölkəsinin gələcək üçün xarici siyasət istiqamətləri barədə məlumat verib.

Ankarada Türkiyə diplomatlarının toplantısında çıxış edən Davutoğlu bildirib ki, onun ölkəsinin gələcək siyasəti “bir müdrikin siyasəti” və ya bir növ, beynəlxalq məsələlərdə öz fəhmi və baxışlarının köməyilə məsləhət verən “ağsaqqal”ın siyasəti olacaq.

Türkiyədə dünyanın 180 ölkəsini xidmət edən səfirlərin iştirakilə keçirilən 3-cü Səfirlər Konfransı Türkiyənin qlobal səhnədə yeni imicinin işıqlandırılması sahəsində olduqca mühüm tədbir kimi qiymətləndirilir.

Konfransın devizi də bu mənada əlamətdar səslənir: “Uzaqgörən Diplomatiya: Türkiyə Baxımından Qlobal və Regional Nizam”.

 Türkiyə özünü, böhranları, hətta onlar baş verməzdən əvvəl sezən və incə diplomatiyanın köməyilə çözüm gətirən bir ölkə kimi görür.
 

Məhz bunu açıqlamağa çalışan xarici işlər naziri Ahmet Davutoğlu bəyan edib ki, onun ölkəsi özünü qlobal aləmdə baş verə biləcəkləri əvvəlcədən duyan və problemlərin həlli üçün alternativ məsləhətlər verən dövlət kimi görür.

Onun təbirincə deyilsə, “Türkiyə özünü, böhranları, hətta onlar baş verməzdən əvvəl sezən və incə diplomatiyanın köməyilə çözüm gətirən bir ölkə kimi görür”.

Xarici işlər naziri Türkiyəni dünyanın müxtəlif yerlərinə yardıma tələsən yanğınsöndürənə bənzədib, lakin əlavə edib ki, innən belə yalnız yanğınsöndürmə ilə kifayətlənmək olmaz.

O deyib ki, öz ölkəsini gələcək yanğınların baş verməyəcəyi şəhərlərin mühəndisi kimi görmək istəyir.

 Mahmud Qaşğarinin “Divani-Lüğətit Türk”ünün dilində inamla danışa bilən türklər Brüsseldə Avropa İttifaqının məsələlərini də eyni inamla müzakirə etməyə qadirdirlər.
 

Ahmet Davutoğlu Türkiyənin tarixi keçmişini yada salaraq deyib ki, onun ölkəsi dünyada onun iştirakı olmayan yeni bir nizamın yaradılacağı vaxtadək gözləyə bilməz.

“Əgər yeni nizam olacaqsa, -deyib Davutoğlu, - biz bu nizamın içində onun bünövrəsini qoyacaq liderlərdən biri olacağıq”.

O deyib ki, “Türkiyə kimlik böhranı yaşamır və parçalanmış dünyanı birləşdirmək qüdrətinə malikdir”.

Ahmet Davutoğlu deyib ki, “Mahmud Qaşğarinin “Divani-Lüğətit Türk”ünün dilində inamla danışa bilən türklər Brüsseldə Avropa İttifaqının məsələlərini də eyni inamla müzakirə etməyə qadirdirlər”.

 Türkiyəni “ya Kipr, ya da Avropa İttifaqı” seçimi qarşısında qoymaq lazım deyildir, çünki heç bir ölkə Türkiyəyə onun istəmədiyini qəbul etdirə bilməz.
 

Türkiyə xarici işlər naziri ölkəsinin beynəlxalq aləmdəki nüfuzlu rolunu vurğulayaraq, Ankaranın Əfqanıstanla bağlı fəaliyyətini misal gətirib.

O deyib ki, Türkiyə NATO-da bundan sonra da fəal olacaq, lakin innən belə ucqar ölkə olaraq qalmaq niyyətində deyil.

O bildirib ki, Avropa İttifaqına üzvlük sahəsində də səylər davam edəcəkdir, lakin Türkiyəni “ya Kipr, ya da Avropa İttifaqı” seçimi qarşısında qoymaq lazım deyildir, çünki heç bir ölkə Türkiyəyə onun istəmədiyini qəbul etdirə bilməz.

Çərşənbə axşamı konfrans öz işini Ərzrumda davam etdirəcək və orada fəxri natiq rolunda Yunanıstanın baş naziri Corc Papandreu iştirak edəcək.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik