BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 16 Noyabr, 2009 - Published 14:17 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Diffomasiya haqqında qanun cəmiyyətdə müzakirə olunur
 
Qandal
Son beş ildə Media Haqları İnstitutunun məlumatına görə, Azərbaycanda ifadə azadlığı ilə bağlı 28 nəfər həbs edilib
Azərbaycanda diffomasiya və ya ifadə azadlığı haqqında qanunun qəbulu barədə artıq uzun illərdir ki, müzakirələr gedir. Hətta ortaya artıq bununla bağlı iki qanun layihəsi də qoyulub.

Həmin layihələr şərəf və layəqətin təhqirinə görə cinayət məsulliyyətinin aradan qaldırılması və inzibati məsuliyyətlə əvəzlənməsini nəzərdə tutur.

Avropa Şurası baş katibinin Azərbaycan üzrə xüsusi nümayəndəsi Veronika Kotek belə bir qanunun qəbulunu vacib sayır və Avropa Şurasının Azərbaycan qarşısında qoyduğu əsas tələblərdən biri hesab edir:

"Jurnalistlərin hüquqlarının pozulması və digər şəxslərin nüfuzunun qorunması baxımından bu qanun xüsusi önəm kəsb edir. Avropa İnsan haqları məhkəməsi jurnalistlərin dediyi sözə görə həbsi qeyri mümkün sayır. Bizim üçün ifadə azadlığınının böyük əhəmiyyəti var . Çünki biz Kütləvi İnformasiya Vasitələrini ictimaiyyətə nəzarət mexanizmi kimi qiymətləndiririk".

Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdir müavini Vüqar Əliyev isə hesab edir ki, diffomasiya haqqında qanunun qəbulu üçün ölkədə münbit şərait yaranmalıdır.

Azərbaycan Mətbuat şurasının rəhbəri Əflatun Amaşov isə qanunun qəbulunu dəstəkləyir və yaxşı nəticə verəcəyinə inanır.

Əflatun Amaşov həmçinin Mətbuat şurasının bu qanunun qəbulu ilə bağlı sorğu keçirdiyini və məmurların qanunun qəbulunun əleyhinə olduğunu bildirdi.

"Novoe vremya" qəzetinin redaktoru Şakir Ağayevin sözlərinə görə isə , diffomasiya haqqında qanun nə qədər mütərəqqi məqsəd daşısa da, Azərbaycanda onun qəbulunun heç bir əhəmiyyəti olmayacaq. Çünki son bir ildə həbs olunan jurnalistlər Cinayət Məcəlləsinin heç də şərəf və ləyaqətin alçaldılması deyil, xuilqanlıq , terrorizmə cəhd , narkotik maddə gəzdirmə kimi maddələri ilə həbs ediliblər.

Odur ki, Şakir Ağayev məhkəmələrin müstəqilliyini hər hansı qanunların qəbulundan üstün tutduğunu deyir.

Böyük Britaniya kraliçasının məsləhətçisi, Matris palataları, Birləşmiş krallıq və Avropa Şurasının eksperti Hyu Tomlinson da hesab edir ki, siyasilər istəsələr bir şey tapıb jurnalistləri cəzalandıra bilər. Amma bu diffomasiya haqqında qanunun əhəmiyyətini azaltmır.

"Diffomasiya qanunun qəbulu istənilən ölkədə demokratikləşmə prosesinin vacib elementidir. Jurnalistlər ifadə etdikləri fikirlərə görə cəzalandırılmamalıdır. Bu da düzgündür ki, siyasətçilər istəsələr bu maddəyə deyil qanunvericilikdə olan digər maddəyə istinad edərək jurnalistləri həbs edə bilərlər. Amma bu o demək deyil ki, diffomasiya haqqında qanun qəbul edilməməlidir".

Son beş ildə Media Haqları İnstitutunun məlumatına görə, Azərbaycanda ifadə azadlığı ilə bağlı 28 nəfər həbs edilib. Onlardan Cinayət Məcəlləsinin 147-148 -ci maddələri ilə 21 nəfər həbs edilib.

Qalan 7-si xuliqanlıq, terrorizmə çağırış, narkotikdən istifadə ilə bağlı mühakimə ediliblər. Adları bu siyahıya yeni əlavə edilmiş bloggerlər Emin Milli və Adnan Hacızadə də xuliqanlıq və bədənə az xəsarət yetirməni nəzərdə tutan maddələrlə bu günlərdə mühakimə olunublar.

Beynəlxalq təşkilatlar və yerli hüquq müdafiəçiləri isə gənclərin internetdə yerləşdirdikləri uzunqulaq haqqında klipə görə zindana salındıqlarını bildirirlər.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik