BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 13 Noyabr, 2009 - Published 16:39 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Daxili işlər nazirinin iddiasına baxılır
 
Daxili işlər naziri Ramil Usubov
Daxili işlər naziri Ramil Usubovun iddia ərizəsinə baxılır
Bu gün Bakının Yasamal rayon məhkəməsində Azərbaycanın daxili işlər naziri Ramil Usubovun “Femida 007” qəzetinin baş redaktoru Əyyub Kərimova qarşı iddiasına baxılması proseduru başlanıb.

Nazir Ramil Usubov jurnalisti böhtanda ittiham edərək onun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir.

Hakim Xəqani Tağıyevin sədrliyi ilə başlayan prosesdə Əyyub Kərimov dövlət tərəfindən təyin edilən vəkildən imtina edərək hüququnu özü müdafiə edəcəyini bildirdi.

Daha sonra cavabdeh iddianın icraata götürülməməsi ilə baqlı vəsadət qaldırdı. Qısa müşavirədən sonra hakim vəsadəti rədd etdi.

Ramil Usubovun Əyyub Kərimova qarşı iddiası cinayət məcəlləsinin 147.2-ci maddəsi ilə, yəni ağır və xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmaq maddəsi əsasında qaldırılıb. İddiaçının vəkili Əlirza Həbilov deyib ki, "Kərimovun məqalələrində nazirə və nazirliyin şəxsi heyətinə qarşı təhqirlər və böhtanlar var".

Əyyub Kərimov isə məqalələrində heç bir təhqirin olmadığında israr edir. O, deyir ki, DİN keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovun həbsindən sonra nazirlik və onun rəhbərliyi haqqında silsilə tənqidi yazılar yazıb, "amma bu yazıların heç birində təhqir elementlərinin olmadığına" əmindir.

Bu, Ramil Usubovun böhtan iddiası ilə qaldırdığı ilk məhkəmə prosesi deyil. Bir neçə ay öncə daxili işlər naziri hüquq müdafiəçisi Leyla Yunusu polisə şər və böhtan atmaqda ittiham edərək məhkəməyə vermişdi. Lakin bir müddət davam edən hüquqi çəkişmədən sonra tərəflər barışığa gəldilər.

İndi isə nazir hüquq-mühafizə orqanları barədə sərt tənqidi yazıları ilə tanınan Əyyub Kərimovu məhkəməyə verir.

Proses noyabrın 26-da davam edəcək.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik