|
Kürd təşəbbüsü Türkiyə parlamentinin gündəliyindədir
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Türkiyə parlamenti gərgin müzakirələrdən sonra hökümətin Kürd probleminin həlli məqsədi ilə irəli sürdüyü təşəbbüsün gündəliyə
daxil edilməsi haqqında qərar qəbul edib.
İqtidar və müxalifət partiyalarının nümayəndələrinin qarşılıqlı ittihamları bir neçə dəfə iclasa fasilə verilməsi ilə nəticələnib. Müxalifətdəki Cümhuriyyət Xalq Partiyasından olan bəzi millət vəkilləri isə iqtidarın kürd təşəbbüsünü Atatürkü anma günündə müzakirəyə çıxarmasına transporantlarla etiraz ediblər. Mübahisələrə baxmayaraq, hakim partiya parlamentdə malik olduğu səs çoxluğundan istifadə edərək, məsələnin gündəliyə daxil edilməsi ilə bağlı qərarın qəbul edilməsinə nail ola bilib. Parlamentdəki müzakirələrin qızğın keçəcəyi əvvəlcədən məlum idi. Müxalifət hökümətin əvvəlcə “Kürd təşəbbüsü”, sonra “demokratik təşəbbüs”, ən son isə “Milli Bilrik Layihəsi” adı ilə irəli sürdüyü təklifin məzmunu və doğuracağı nəticələrlə bağlı narahatlığını bildirir. 3 həftə əvvəl isə PKK-çıların silahı yerə qoyub Türkiyəyə dönüşünün başlanğıcı kimi İraqın şimalından Türkiyəyə daxil olan 34 nəfərin əsasən kürdlər tərəfindən sərhəddə təntənəli şəkildə qarşılanması isə ölkədə böyük narazılıqla qarşılanmışdı. Hökümətin təşəbbüsünün noyabrın 10-da ,Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün vəfatının ildönümünün qeyd edildiyi gündə parlamentin müzakirəsinə çıxarılması isə narazılığı daha da artırdı. Müxalifətdəki Cümhuriyyət Xalq və Milliyətçi Hərəkat partiyalarını təmsil edən millət vəkilləri Atatürkün vəfatının ildönümündə bu qədər mübahisəli məsələnin müzakirəsinin düzgün olmadığını bildirdilər. Müzakirələr zamanı iqtidar və müxalifəti təmsil edən millət vəkilləri bir-birini ölkənin mənafelərini satmaqda günahlandırdılar. Parlament üzvlərinin yerlərindən qalxaraq kürsüyə doğru hərəkət etməsi iclasda fasilələrin elan edilməsi ilə nəticələndi. Müxalifətdəki Cümhuriyyət Xalq Partiyasının bəzi üzvləri isə hakimiyyətin məsələni məhs dünən müzakirəyə çıxarmasına etiraz olaraq iclasda Atatürklə bağlı transporantlar qaldırdılar. Qızğın mübahisələrdən sonra hakim Ədalət və İnkişaf Partiyası və əsasən Kürdlər tərəfindən dəstəklənən Demokratik Cəmiyyət Partiyasının nümayəndələrinin səsləri ilə Kürd məsələsi ilə bağlı təşəbbüsün gündəliyə daxil edilməsi qərarlaşdırıldı. Müşahidəçilər, yaxın günlərdə başlayacaq əsas müzakirələrin daha gərgin atmosferdə keçəcəyini proqnozlaşdırırlar. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||