BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 03 Noyabr, 2009 - Published 12:59 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Donuz qripi və ondan müdafiə
 
Ukrayna
Ukraynada donuz qripi
Bu həftə dünya üzrə donuz qripi xəstəliyinə tutulma hallarının sayı kəskin surətdə artıb. Ən çox zərər çəkən ölkələr Ukrayna, Rusiya və Çindir. Mərkəzi Asiyada, Qırğızıstan 11 xəstəlik halını qeydə alıb. Ümumdünya Səhiyyə Təşkilatı donuz qripinin qlobal pandemiya halını aldığını deyir. Qripin qeydə alındığı 210 ölkədən 39-da ölüm halları baş verib.

Ukraynanın Səhiyyə Nazirliyi dünya ölkələrinə təcili yardım üçün müraciət edib. Bu ölkədə artıq 67 şəxs xəstəlikdən vəfat edib. Ümumilikdə yoluxanların sayı isə 200 mini keçib.

Bu ölkədə məktəblər bağlanıb, kütləvi toplantılar qadağan olunub. Risk qruplarında mövsüm qripinə qarşı vaksinasiya kampaniyası aparılır.

ÜST səyahətə məhdudiyyət qoyulmasını məsləhət görməsə də, Slovakiya Ukrayna ilə sərhədi bağlayıb.

Rusiya da donuz qripi hallarının yüksək olduğunu bildirir. Ölkədə belə halların sayı 2 mini keçib.

Rusiyada donuz qripinə qarşı vaksinasiya noyabrın 9-da başlayacaq.

Qırğızıstan ölkəyə qripin Rusiyadan gəldiyini deyir.

Elə Çində də xəstəlikdən ölən son adamın Rusiya vətəndaşı olduğu deyilir.

Türkiyə məktəbləri bir həftədir ki, bağlayandan sonra noyabrın 3-də vaksinasiya kampaniyasına başlayıb.

Həccə getməyə hazırlaşan 350 min zəvvarın vaksinasiyası başlayıb.

Risk qrupuna yaşı 65 keçənlər daxildir

Simptomlar

Donuz qripi virusu insandan insana keçməklə yayılır. Bu bilavasitə və ya bilvasitə ola bilər. Yəni virus asqırma və ya öskürmə nəticəsində başqa səthlərdən digər insanları yoluxdura bilər.

Halların tam əksəriyyətində insanlar xəstəliyi asan keçirirlər. Lakin dünya üzrə 100-lərlə insan xəstəlikdən keçiniblər. Bunların da demək olar ki,çoxusunda ölümə səbəbə başqa ciddi xəstəliklərin donuz qripi nəticəsində kəskinləşməsi olub.

Donuz qripinin əlamətləri adi qripə bənzəyir, amma əsas amil 38 dərəcədən yuxarı qızdırmadır. Xəstə öskürüe, boğazı ağrıyır, bədənində ağrılar olur, üşüyür.

Bəzilərində qusma və qarnı açılma halları müşahidə olunur.

Adamların tam əksəriyyəti bir həftə içində sağalmağa başlayır.

Ağız və burnun qapanması yoluxmanın qarşısını ala bilər

Risk qrupları

Bu kateqoriyaya daxil olan insanlar xəstəliyi çox pis keçirir. Əslində, ölənlərin əksəriyyəti ilə bu qrupa aid adamlardır.

Bu kateqoriyaya : xronik ağ ciyər, ürək, böyrək,qara ciyər, nevroloji və şəkər xəstələri daxildir.

Həmçinin risk qrupuna son üç ildə astmadan müalicə olunanlar, hamilə qadınıar, yaşı 65-dən və 5-dən aşağı olanlar daxildir.

Müalicə

Donuz qripinin müalicəsində ən çox iki dərman, Tamiflu və Relenzadan istifadə olunur. Bu dərmanlar xəstəliyin davam müddətini azaldır və kəskinləşmənin qarşısını alır.

Eləcə də, güman edilir ki, dərmanın qəbulu xəstəliyin başqa adamlara keçirilməsi imkanını da azaldır.

Lakin dərmanların daha yaxşı işləməsi üçün onların erkən mərhələdə qəbulu vacibidir.

Bəzi həkimlər bu dərmanların 5-12 yaş qrupuna verilməsinin zəruriliyinə şübhə edirlər.

Onlar deyirlər ki, bu zaman dərmanın xeyirdən çox ziyanı ola bilər.

Tamiflu müalicədə ən çox istifadə olunan dərmandır

Necə qorunmalı

İlk növbədə özünü pis hiss edən adamlardan uzaq olmaq lazımdır. Adi infeksiyaya nəzarət və gigiyena qaydalarına əməl yayılmanın qarşısını almağa kömək edə bilər.

Buraya öskürərkən və asqırarkən ağız-burnu bağlamaq, kağız yaylıqdan istifadə edərək, onu dərhal tullamaqdır.

Bundan başqa əlləri sabunla tez-tez yumaq lazımdır. Sərt səthləri, qapı dəstəklərini tez-tez silmək məsləhətdir.

Britaniyada donuz qripi əlamətləri olan adamlara həkimə gəlmək məsləhət görülmür. Onlar evdə qalırlar və həkim onlara lazımi dərmanı göndərir. Bu ölkədə yoluxmanın nisbətən az baş verməsinə imkan verib.

Ukraynada isə, əksinə, adamları dərhal klinikaya gəlməyə çağırırdılar. Bu səbəbdən hazırda ölkədə virus 100 minlərlə insana yoluxub.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik