18 İyul, 2009 - Published 11:29 GMT
Dünyanın ən uzunömürlü adamı, Birinci Dünya müharibəsinin Britaniyada sağ qalan iki veteranından biri - Henri Əlinqəm (Henry Allingham) 113 yaşında vəfat edib.
Kraliça Yelizaveta bu itkidən dərindən kədərləndiyini bildirib.
Londonun şərq hissəsində anadan olmuş Henri Əlinqəm 1915-ci ildə Britaniyanın Silahlı Qüvvələrində hərbi xidmətinə başlayır və Birinci Dünya Müharibəsi dövründə Qərb Cəbhəsində qulluq edir. O, 1916-cı ildə Yutlənddə Almaniya ilə böyük dəniz döyüşündə iştirak edir.
Henri Əlinqəm 1918-ci ildə Kral Hərbi Hava qüvvələrinin təsisçi-üzvlərindən biri olur.
Son zamanlara qədər o, müharibə dövrünün hadisələri barədə danışmaqdan və hərbçilərin habelə veteranların görüşlərində iştirakdan imtina edirdi. Lakin 2005-ci ildə cənab Əlinqəm Kral Hərbi Hava Qüvvələrinin Fransada keçirilən anım mərasimində iştirak etməyə razı oldu. O, dedi ki, "bundan imtina etmək onun həlak olan cəbhə yoldaşlarına hörmətsizlik olardı."
Henri Əlinqəmın həyatı üç əsrdən keçir - 19-cu əsrdə anadan olmuş, 20-ci əsrdə yaşayıb, yaratmış, mübarizə etmiş veteran 21-ci əsrdə gözlərini əbədi yummuşdur.
Kraliça Viktoriya taxtda olanda Henri Əlinqəm hələ uşaq idi, və indi hakimiyyətdə olan Kraliça Yelizaveta taxta çıxana qədər Henri Əlinqəm dörd monarxın hakimiyyətini görmüşdü.
Henri Əlinqəm həyat yoldaşını 40 il bundan əvvəl itirmişdi, onların ailə həyatı 50 ildən çox davam etmişdi.