http://www.bbcazeri.com

17 İyul, 2009 - Published 08:39 GMT

Cakartada bomba partlayışlarında ölənlər var

İndoneziyanın paytaxtı Cakartada iki ən bahalı mehmanxanaya bomba hücumu nəticəsində ən azı 9 nəzəfər həlak olub, 50 nəfərə qədər adam yaralanıb. Ölənlər arasında xaricilər var.

Bomba partlayışları aralarında bir neçə dəqiqəlik fərqlə Cakartanın mərkəzində yerləşən Rits-Karlton (Ritz-Carlton) və Mariot (JW Marriott) mehmanxanalarında səhər vaxtı baş verib.

Daha bir işə düşməmiş bomba zərərsizləşdirilib.

İndoneziya parlamentinin yüksək rütbəli bir üzvü deyib ki, partlayışlardan ən azı birində intiharçının əli olduğu barədə müəyyən əlamətlər var.

İndoneziya prezidenti Susilo Bambanq Yudoyono (Susilo Bambang Yudhoyono) bu bomba hücumlarını təhlükəsizliyi pozan zorakı və qeyri-insani əməl kimi pisləyib.

İngiltərənin Manşester Yunayted futbol komandası İndoneziyanın futbol ulduzlarından ibarət yığma komandası ilə bazar gününə planlaşdırılan oyununu təxirə salıb.

Mançester Yunayted futbolçuları İndoneziyaya səfər zamanı Rits-Karlton mehmanxanasında dayanmalı idilər.

Son məlumatlara görə, bomba hücumu zamanı ölənlər arasında Yeni Zelandiya vətəndaşının olduğu barədə xəbər təsdiqlənib.

Yeni Zelandiyanın baş naziri Con Ki deyib ki, bu həm onun ölkəsi, həm də İndoneziya xalqı üçün kədərli bir gündür.