http://www.bbcazeri.com

16 İyul, 2009 - Published 01:01 GMT

İranda təyyarə qəzasının səbəbləri araşdırılır

İranda baş vermiş təyyarə qəzasının geniş miqyaslı təhqiqatı başlanılıb.

Ötən gün Cənnətabad kəndi yaxınlığında təyyarənin hissələri ilə yanaşı qara qutu aşkar edilib. Araşdırmaya rəhbərik edən İran rəsmisi deyib ki, qutulardan lazım olan informasiyanın əldə olunmasına ümid edir.

Tehrandan Ermənistana istiqamətlənən Caspian Airlines aviaşirkətinin istismar etdiyi Rusiya istehsalı olan təyyarə havaya qalxandan qısa müddət sonra yerə düşüb. Qəza nəticəsində insan cəsədləri və təyyarənin qırıntıları geniş əraziyə səpələndi, yerdə isə dərin krater qalıb. Təyyarədə olan 168 adam həlak olub.

İranın dövlət Aviasiya Şirkətinin sözçüsü Reza Cəfərzadə deyib ki, təyyarə Yerevana istiqamətlənərkən qəzaya uğradı.

"Təyyarə Qəzvinin yanındakı Xomeyni beynəlxalq hava limanını tərk edəndən 16 dəqiqə sonra yerə düşdü. Təyyarə havaya saat 11.33-də qalxdı, 16 dəqiqədən sonra isə radarların ekranlarından yox olub yerə düşdü", - deyib Reza Cəfərzadə.

Qəzanın səbəbləri araşdırılır, lakin BBC-nin İran müxbiri ölkədə hava təhlükəsizliyi ilə bağlı vəziyyətin yaxşı olmadığını bildirir.

"İranın getdikcə köhnələn təyyarə parkının sırada saxlanması üçün əməlli başlı mübarizə gedir ", - deyilir Con Laynın məlumatında.

Dövlət televiziyasının nümayiş etdirdiyi kadrlarda təyyarənin torpaqda yaratdığı nəhəng krater və hələ də tüstüləyən səpələnmiş təyyarə qalıqlarını görmək olar.

Şahidlərdən biri təyyarənin göydən yerə necə çırpındığını təsvir edir. Digər şahid deyir ki, göyərtəsində, güman ki, motorla bağlı problemdən yaranan alov görünən təyyarə, enmək üçün yer axtararaq, göydə qısa dairələr vururdu.

BBC müxbiri yazır ki, Amerika Birləşmiş Ştatları tərəfindən qoyulan sanksiyalar nəticəsində İran yalnız getdikcə yaşlanan təyyarə parkını istifadə edə bilər və bu təyyarələr üçün belə ehtiyat hissələrini almaqda böyük çətinliklər çəkir.

"Bəzi pilotlar ehtiyat hissələrini ölkəyə gizlincə təyyarələrinin kabinalarında gətirirlər.
Həmin məhdudiyyətlər Rusiya ilə Ukraynanın istehsal etdiyi təyyarələrə aid olmasa da, İranın hava donanmasında hətta onların parkının belə yaxşı günləri keçmişdə qalıb", - deyilir BBC şərhində.

Təyyarə qəzasə ilə bağlı bu gün Ermənistanda matəm günü elan edilib.

Yerevan hava limanında bu gün çoxları təyyarə barədə hər hansı bir xəbəri səbirsizliklə gözləyiblər, deyilir Ermənistan müxbirimiz Aleksey Manvelyanın xəbərində.

Onun sözlərinə görə yaxınlarını itirən adamlara psixoloji yardım göstərilir.

Yerevanda hökumət müşavırəsində, zərəçəkənlərin ailələrinə yardım məsələləri müzakirəı edilib.