13 İyul, 2009 - Published 20:24 GMT
Britaniyaya səfər edən Azərbaycan prezidenti deyib ki, siyasi səylərə rəğmən, məsələnin hərbi üsulla həllini istisna etmək mümkün deyil.
"Bildiyiniz kimi, 15 ildir ki, Azərbaycan danışıqlar prosesində iştirak edir", deyib Britaniyanın Beynəlxalq Araşdırmalar üzrə Kral İnstitunda (Chatham House) çıxış edən İlham Əliyev.
"Bu, bizim sülhsevər siyasətimizin parlaq göstəricisidir. Çünki 15 ildir ki, bizim torpaqlar işğal altındadır, bizim qaçqınlar və məcburi köçkünlər bu işğalın əzab-əziyyətini çəkirlər, amma biz əvvəlkitək danışıqlar aparırıq. Bu açıq-aydın göstərir ki, Azərbaycanın məsələyə yanaşması siyasi nizamlamaya əsaslanır. Eyni zamanda, təəssüflər olsun ki, bu gün mən məsələnin hərbi üsulla həllini istisna edə bilmirəm".
İlham Əliyev deyib ki, BMT-nin xartiyasına əsasən Azərbaycanın özünü müdafiə etməyə qanuni hüququ var. Onun sözlərinə görə digər ölkələr kimi, Azərbaycanın da öz "ərazi bütövlüyünü bərpa etmək " legitim hüququ var:
"Biz tarixdən bilirik ki, bəzən ölkələr özlərinin yerləşdiyi məkanlardan uzaqlardakı ərazilərdə də öz suverenliyini bərpa edirlər. Dağlıq Qarabağ isə Azərbaycanın lap mərkəzində yerləşir, bu, Azərbaycanın tarixi torpağıdır. Və ermənilər Dağlıq Qarabağda 19-cu əsrdə məskunlaşıblar. 1978-ci ildə onlar ermənilərin İrandan Dağlıq Qarabağa köçürülməsinin 150 illiyini tərənnüm edən bir abidə ucaltmışdılar. Ona görə də, sülh danışıqlarında irəliləyiş əldə olunan kimi, şübhəsiz, gücdən istifadə etməmək və məsələnin sülh yolu ilə həll etmək öhdəliyi tətbiq ediləcək".
Azərbaycan lideri deyib ki, bu ümumi paketin bir tərkib hissəsidir:
"Lakin indiki anda biz bunu edə bilmərik, çünki əgər biz indi bunu etsək, onda Ermənistanın işğal edilmiş topraqlardan çıxması üçün hansı əlavə stimulu ola bilər? Fikrimcə, bu gün iki mühüm alət var - birincisi, bizim müstəqilliyimizi bərpa etməyə qadir olan ordumuzun artan potensialıdır, və bu il bizim hərbi xərclər Ermənistanın ümumi büdcəsinə bərabər olub. Və ikinci stimul iqtisadi amildir."
İlham Əliev Ermənistanı təcrid etməkdə günahlandırıldığını deyərək, hansısa ayrı seçimə malik oldu]unu sual edib:
"Bizim hansı ayrı seçimimiz var? Və əgər Ermənistan bu dəmiryolunun keçdiyi ərazilərdən öz qoşunlarını çıxarsa biz Ermənistanla
dəmiryolu əlaqəsini açmağa hazırıq. Və hətta təkilf də olmuşdu ki, əgər onlar Dağlıq Qarabağın cənubunda yerləşən 5 rayondan
qoşunlarını çıxarsalar kommunikasiya yollarının açılmasına dərhal başlayaq. Aazərbaycanla Ermənistanı bu gün müqayisə etmək
olmaz, həm iqtisadi, həm də siyasi mənada vəziyyət müxtəlifidr. Və getdikcə, 10 ildən, 20 ildən sonra bizim aramızdakı fərq
artacaq. Ona görə, onların seçim etməlidirlər. Əvvəl-axır Ermənistan öz qoşunlarını işğal edilmiş ərazilərdən çıxarmalıdır.
Və bundan sonra gücdən istifadə etməmək bizim öhdəliyimizə çevriləcək".