11 İyul, 2009 - Published 10:21 GMT
ABŞ dövlət katibinin müavini Ceyms Staynberq dünən axşam Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlar aparıb.
Şənbə günü səhər ABŞ səfirliyində jurnalistlərlə söhbətində Staynberq deyib ki, Azərbaycan ABŞ-ın mühüm partnyoru və regionda həm Qərblə, həm də islam dünyası ilə yaxşı əlaqələri olan əhəmiyyətli ölkədir. ABŞ Azərbaycanla enerji sahəsində əməkdaşlığa böyük əhəmiyyət verir və Əfqanıstanda göstərilən dəstəyi yüksək qiymətləndirir, deyə Staynberq bildirib.
«Düşünürəm ki, Azərbaycan ölkənin milli sərvətlərinin xalqın rifahı üçün necə istifadə olunmasına gözəl misaldır», deyə dövlət katibinin müavini neftlə zəngin şərq ölkəsində demokratiyanın mümkünlüyü barədə suala cavabda bildirib.
« Biz azad demokratik cəmiyyətin mühüm hissəsi kimi yeni KİV-lərə böyük əhəmiyyət veririk. Biz İlham Əliyevlə görüşdə KİV-in ölkə həyatındakı rolunu və yerini, habelə digər məsələləri müzakirə etmişik», deyə Staynberq bildirib.
Sonra diplomat qeyd edib ki, Qarabağ nizamlanması məsələsi onun missiyasının mühüm hissəsidir və son dövrlərdə danışıqlarda hiss ediləcək dərəcədə irəliləyiş əldə edilib.
«Biz iki ölkə prezidentinin qarşıda duran Moskva görüşündə növbəti uğurların əldə ediləcəyinə ümid edirik və mən bu mövzunun müzakirəsini Yerevanda davam etdirəcəyəm», deyə Staynberq bildirib.
Bakıda Qəbələ RLS-dən birgə istifadə mümkünlüyü müzakirə edilib? sualına cavabda Steynberq deyib ki, bu mövzuya Moskvada ABŞ və Rusiya prezidentlərinin görüşündə toxunulub.
ABŞ bu mümkünlüyü müzakirə edir və bu mövzu Azərbaycan rəhbərliyi ilə müzakirə olunub. Hazırda Qəbələ RLS-dən istifadə mümkünlüyü bütünlükdə raket əleyhinə müdafiə strategiyası və onun parametrləri kontekstində öyrənilir, deyə diplomat bildirib.
ABŞ «Nabukko» layihəsini dəstəkləyir və Azərbaycan qazının Rusiyaya ixracını normal qəbul edir. «Biz Rusiyanı qaz ixracatı sistemindən xaric etməyin əleyhinəyik və qaz ixracında çoxistiqamətli marşrutların tərəfdarıyıq», deyə Staynberq Vaşinqtonun «Nabukko»ya münasibətini ifadə edib.
ABŞ-ın bu layihədə iştirakı mümkünlüyünə gəlincə, bu məsələ açıq olaraq qalmaqdadır və ekspertlər ABŞ-ın «Nabukko»nu maliyyələşdirməsi və ya layihədə digər iştirakı mümkünlüyünü öyrənir, deyə o əlavə edib.
Qeyd edək ki, səfərdə Staynberqi ABŞ dövlət katibinin köməkçisi Filipp Qordon müşaiyət edir