http://www.bbcazeri.com

10 İyul, 2009 - Published 17:17 GMT

Gənc fəalların məhkəməsi qapalı keçirildi

Cümə günü axşamın gec saatlarında “An” və “Ol” gənclər təşkilatlarından tanınmış fəallar Emin Milli və Adnan Hacızadənin qapalı məhkəmə prosesi keçirilib.

Müxbirimizin verdiyi xəbərə görə məhkəmə o qədər qapalı olub ki, içəriyə heç Almaniya ombudsmanını da buraxmayıblar.

Xatırladırıq ki, Emin Milli və Adnan Hacızadə ötən cümə axşamı restoranda olarkən, onlara qonşu masada tanımadıqları idmançı cüssəli adamlar oturublar.

Bir qədər sonra iki masa arasında mübahisə olub və bundan sonra hər iki gənc fəal döyülüblər.

Səbail Rayon Polis idarəsinə məlumat vermək üçün gedəndə isə onların özlərini həbs ediblər.

İdmançı cüssəliləri az sonra azad ediblər.

Polis idarəsinin rəhbərliyi bildirib ki, onlar üzr istədikdən sonra buraxılıblar.

Lakin insan haqları fəalları iddia edirlər ki, baş vermiş hadisə təxribatdır və hakimiyyətə yaxın dairələr tərəfindən hazırlanıb.

Onlar diqqəti belə bir məqama çəkirlər ki, hakimiyyət bundan əvvəl də jurnalist və fəalların susdurulması məqsədilə həbsə atılması üçün onlara qarşı xuliqanlıq ittihamları irəli sürüb.

Qeyd etmək yerinə düşərdi ki, beynəlxalq təşkilatlar bu cür hadisələrə görə hökuməti daim tənqid edirlər.

Müşahidəçilər bunu da qeyd edirlər ki, hazırda hakimiyyətin dəsti-xəttində dəyişiklik əmələ gəlib.

İndi daha çox tanınmış müxalifətçilərin uşaqları təqibə məruz qalırlar.

Bu yaxınlarda politoloq Zərdüşt Əlizadənin oğlunun narkotik maddə ilə tutulduğu xəbər verilmişdi.

Sonradan onu azad etdilər.

İndi həbs olunan Adnan Hacızadə isə hökumətin ən kəskin tənqidçilərindən biri, Müsavat Partiyası divanının üzvü Hikmət Hacızadədir.

BBC-yə müsahibəsində cənab Hacızadə bildirib ki, bu cür təqiblərlə onları susdurmaq mümkün olmayacaq.

Emin Milli və Adnan Hacızadənin qapalı məhkəmə prosesinin davam etdiyi saatlarda məhkəmə binasının qarşısında “Azərbaycan Himnini” oxuyurdular.

Son saatda aldığımız xəbərə görə məhkəmə Emin Milli və Adnan Hacızadə barəsində həbs qətiimkan tədbirini iki ay müddətinə uzatmaq barədə qərar qəbul edib.

Xəbər verilir ki, bu dava-dalaşı saldığı və gənc fəalları döydükləri iddia olunan şəxsləri məhkəməyə əksinə zərərçəkən qismində dəvət ediblər.

Adnan Hacızadənin vəkili İsaxan Aşurov məhkəmə prosesinin qapalı keçirilməsinin qanunsuz olduğunu bilidirib.

O deyib ki, Azərbaycan qanunları məhkəmələrin bəzi hallarda qapalı keçirməsinə icazə versə də, rəsmi Bakı İnsan Haqları Konvensiyasına imza atdıqdan sonra həmin qanunlar qüvvəsini itirib.