http://www.bbcazeri.com

02 İyul, 2009 - Published 12:46 GMT

“Azəriqaz” şəbəkəsi ilə Dövlət Neft şirkətinin tabeliyinə verildi

Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanda qazın satışı ilə məşğul olan “Azəriqaz” Səhmdar cəmiyyəti və onun balansında olan qaz paylayıcı şəbəkə Azərbaycan Dövlət Neft şirkətinin tabeliyinə verilib.

“Azəriqaz” səhmdar cəmiyyətinin Azərbaycan Dövlət neft şirkətinin tabeliyinə verilməsi bu gün ən çox “Azəriqaz” səhmdar cəmiyyətiniin işçiləri üçün sürpriz olub.

Qurumun aparatının adının çəkilməsini istəməyən əməkdaşının dediyinə görə, hazırda hamı çaşqınlığ işindədir.

Və hökumətin bundan sonra nə kimi addımlar atacağını gözləyir.

Bu gün isə “Azəriqz” əməkdaşları əvvəlki qaydada işə gəlib və əvvəlki ritmlə abonentlərin qazla təminatını davam etdiriblər

Azərbaycan dövlət başçısının sərəncamına görə, “Azəriqaz” səhmdar cəmiyyətinin ADNŞ verilməsi Azərbaycan Respublikasının neft-qaz sahəsində vahid idarəetmə sisteminin yaradılması məqsədi daşıyır.

Belə ki , Azərbaycan artıq sadə qaz istehsalçısından iri qaz ixracatçısına çevrilir və idarəetmənin mərkəzləşdirilməsi ölkənin bu istiqamətdə yürütdüyü siyasəti möhkəmləndirəcəkdir.

Prezident aparatının iqtisadiyyat şöbəsinin müdiri Mail Rəhimov prezidentin bu sərəncamının geniş perspektivər açdığını deyir. Onun sözlərinə görə, iki dövlət qurumundan birinin ləğvi xərclərin azalmasına səbəb olacaq.

Ekspert Azər Mehdiyev bildirir ki, Azərbaycan hökuməti həmişə ölkənin bazar iqtisadiyaytına doğru addımladığını bildirib.

Amma qazpaylayıcı şəbəkənin özəl sektora verilməsi əvəzinə digər dövlət strukturuna ötürülməsi ekspertin fikrincə, ölkənin bazar deyil sovet iqtisadiyyatına doğru addımlamasından xəbər veirr. “Bunu etməklə dövlət böhran vəziyətində ARDNŞ maliyyə vəziyyətini yaxşılaşdırmağa cəhd edib”, - dedi Mehdiyev.

Azər Mehdiyev həmçinin bildirdi ki, qazın qiymətinin əhali kateqoriyası üçün iki dəfədən çox artıtırlması da “Azəriqaz”ın ADNŞ birləşməsi üçün atılmış addım olub.

İqtisadi tədqiqatlar mərkəzinin rəhbəri Qubad İbadoğlu da bildirdi ki, idarəetmənin mərkəzləşdirilməsi və ADNŞ əlində birləşdirilməsi onun inhisarçı mövqeyini bir az da artıracaq.

Bundan sonra Azərbaycanın qazpaylayıcı şəbəkənin necə idarə olunacağı yaxın aylar ərzində bilinməlidir.

Belə ki, Azərbaycan dövlət başçısının sərəncamına görə, Azərbaycan Respublikasının Nazirlər Kabineti bir ay müddətində adı çəkilən sərəncama uyğun olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsi və Strukturunun təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamalı və prezidentə təqdim etməlidir.