http://www.bbcazeri.com

02 İyul, 2009 - Published 09:21 GMT

Azərbaycanda əhali üçün qaz 2 dəfədən çox bahalaşdı

Azərbaycan respublikası Tarif Şurasının qərarı ilə iyulun 1-dən Azərbaycanda əhali üçün təbii qazın qiyməti 2 dəfədən çox artırılıb.

Yəni indiyədək əhali 1000 kubmetr qaz üçün 47,2 manat ödəyirdisə indi 100 manat ödəyəcək.

Tarif Şurası bu bahalaşmanın səbəbini qaz istehlakında israfçılığın qarşısını alma, bu təkliflə şuraya müraciət edən “Azəriqaz” Səhmdar cəmiyyətinin rəsmiləri isə renatbelliklərini artırma ilə izah edirlər.

Adi vətəndaşlar isə bu bahalaşmadan narazı qaldıqlarını bildirir.

Tarif Şürasının yayımladığı press-relizə görə, bahalaşmanın səbəbi təbii qazın istehlakında israfçılığın qarşısının alınması, əhalinin təbii qazla keyfiyyətli və etibarlı təminatının daha da yaxşılaşdırılması, eləcə də mövcud qiymətin çəkilən xərcləri ödəməməsidır.

Sənəddə həmçinin deyilir ki, bu qərar “Azəriqaz” QSC-nin müraciəti əsasında çıxarılıb.

Amma “Azəriqaz” Səhmdar cəmiyyətinin iqtisadiyyat idarəsinin rəhbəri Tofiq Allahverdiyevin sözlərinə görə, qazın bahalaşmasının israfçılığa heç bir dəxli yoxdur.

“Azəriqaz” qazın qiymətinin artırılmasını bahalaşma deyil qiymətlərin tənzimlənməsi hesab edir.

“Azəriqaz” rəsmisi həmçinin dedi ki, hazırda qazın 1000 kubmetri şirkətə 67 manat başa gəlir.

Və bundan sonra qazın 1000 kubmetrinin 100 manata satılması şirkəti mənfəətli təşkilata çevirməlidir.

Amma iqtisadçı-ekspert Rövşən Ağayev deyir ki, məsələ mənfəətdədeyil. Sadəcə “Azəriqaz” dövlət müəssisələrindən yığa bilmədiyi pulu indi əhalinin cibindən çıxartmaq istəyir.

Enerji məsələləri üzrə ekspert İlham Şaban isə qazın qiymətinin bahalaşması ilə Azərbaycanın bu günlərdə Rusiyaya ildə 500 milyon qaz satması araısnda bir əlaqənin olduğunu bildirir.

Azərbaycanda sonuncu dəfə qazın qiyməti 2007-ci ildə artırılıb. Onda da artım iki dəfə olub.

O vaxt qazın qiymətiin artırılması Rusiyadan qaz ixracının dayandırılması və qaz təchizatının təmamilə daxili mənbələr hesabına keçirilməsi ilə əlaqələndirilmişdi.

İndi isə qazın qiymətinin artırılması artıq Azərbaycan qazının Rusiyaya ixracı barədə sazişin imzalanmasının ertəsi günü baş verir.

“Azəriqaz” rəsmiləri bu iki hadisə arasında hər hansı əlaqənin olmadığını bildirir, ekspertlər isə bunu zamanın hökmünə buraxırlar.