|
Azərbaycanın şimal sərhədində atışma baş verib
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Cümə axşamı Azərbaycan-Rusiya sərhədində Azərbaycan sərhəd qoşunları ilə bir qrup silahlı arasında toqquşma baş verib.
Azərbaycanın Balakən rayonu ərazisində baş vermiş atışma zamanı bir sərhədçinin yaralandığı, habelə bir silahlının qətlə yetirildiyi, digərinin isə yaralandığı xəbər verilir. Silahlı qrupun dini təməlçilərdən ibarət olduğu da bildirilir. Sərhəddəki atışma ilə bağlı Azərbaycan Dövlət Sərhəd Xidmətinin məlumatında bildirilir ki, təxminən 6-7 nəfərlik silahlı şəxs Rusiyanın Dağıstan respublikasından Azərbaycana keçmək istəyərkən sərhəd qüvvələri ilə toqquşma baş verib. Mütəşəkkil silahlı dəstə kimi xarakterizə edilən bu qrupun bir üzvünün öldürüldüyü, digərinin isə yaralandığı deyilir. Qətlə yetirlən silahlının isə xarici vətəndaş olduğu da deyilir. Axtarışdan sonra onun radikal dini qruplaşmanın üzvü olduğu ehtimalı irəli sürülüb. Dəstənin digər üzvləri isə ərazinin meşəlik olmasından istifadə edərək hadisə yerindən uzaqlaşıblar. Azərbaycan Sərhəd Xidmətinin məlumatında habelə bildirilir ki, əraziyə çevik hərbi bölmələr cəlb olunub və təqib davam edir. Silahlıların meşədə qoyub getdikləri hərbi sursat və ləvazimat aşkar olunaraq götürülüb. İnsidentlə bağlı adam öldürməyə cəhd, silah gəzdirmə və sərhədi qanunsuz keçmə maddələri ilə cinayət işi qaldırılıb. Balakəndəki son silahlı toqquşma bu bölgədə axır vaxtlar baş verən ilk silahlı insident deyil. Vaxtaşırı bu bölgədə dini və ya milli təmayüllü olduğu deyilən silahlı dəstələrlə toqquşmalar baş verir. Balakən sakini Hikmət Əliyev düşünür ki, son toqquşma qonşu Dağıstanda son aylar cərəyan edən olayların əks-sədasıdır."Dağıstanda radikal qrupları indi təqib etdiklərinə görə onlar məcbur qalıb buralarda gizlənməyə çalışır". Bu arada isə Bakıda şərti olaraq “Meşə qardaşları” adlandırılan 26 nəfərlik dəstə üzərində məhkəmə başalyıb. Əslən Balakəndən olan dəstə rəhbəri İlqar Mollaçiyevin qrupuna yalnız yerli deyil, habelə Rusiya və Türkiyə vətəndaşlarının da daxil olduğu xəbər verilir. Onlar silahlı birləşmə yaratmaq, adam öldürmə, silah daşımaq və başqa maddələrlə ittiham olunurlar. “Meşə qardaşlarının” bir qismi cari ilin əvvəli ölkənin şimal rayonlarında əməliyyat-axtarış tədbirləri zamanı ələ keçirilmiş, digər qismi isə qətlə yetirilmişdi. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||