|
Su kəmərindən narahat qalan kəndlilər
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi üzündən Oğuz rayonu sakinlərində yaranan problemlər bitmək bilmir.
Bü günlərdə Oğuz rayonunun Sincan kənd sakinləri BBC radiosuna zəng vuraraq icra hakimiyyəti nümayəndələrinin ekskavatorla fındıq bağlarına girdiyini və şumladığını bildiriblər. Onların sözlərinə görə, hökumət nümayəndələri heç bir kompensasiya vermədən kəndlilərin mülkiyyətində olan bağı məhv ediblər. Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi iki ildən çoxdur ki başlanıb. Amma Oğuz rayonunun Sincan kəndi yeganə məkan idi ki, buranın sakinləri mülkiyyətlərində olan torpaqlarının pulunu almamış bağlarına bir dənə də olsun texnika buraxmamışdılar.
Radiomuza zəng vuran Sincan kənd sakini Elməddin Qarayevin sözlərinə görə, artıq onlar da təpkinin qarşısında duruş gətirə bilməyiblər. İcra nümaytəndələri polisin gücü ilə kəndlilərin bağına ağır kənd təsərrüfatı texnikasını salıb və onların fındıq ağaclarını kürüyüb yerə töküblər. Digər kənd sakini Akif Bəyov da onun başına eyni hadisənin gətirildiyini dedi. Kəndliləri ən çox hiddətləndirən isə kompensasiya verilməmiş torpaqlarının zorla əllərindən alınmasıdır. Məsələ ilə bağlı Oğuz rayonu icra hakimiyyəti başçısının müavini Etibar Yusubova müraciət etdik. İcra hakimiyyəti başçısının müavini mən ona zəng vuran anda hadisə yerində olduğunu və kəndlilərin bağlarının prezident aparatı və Nazirlər Kabinetindən gələn əmr əsasında küründüyünü dedi.
Kompensasiyalara gəlincə isə Etibar Yusubov bildirdi ki, hazırda Oğuz rayonu icra başçısı Bakıdadır və kəndlilərə pul deyil, alınan miqdarda torpaq veriləcək. Bəs kompensasiya verilməmiş kəndlinin torpağına texnika salmaq olarmı sualına cavabında isə icra nümayəndəsi dedi ki, qanunda çox şey yazıla bilər, amma bizə deyiblər ki, şərait yaradın iş getsin. Deyək kəndlidən aldığınız torpağın yerinə torpaq verildi. Bəs kəndlilərin illər uzunu yetişdirdiyi ağaclar necə olacaq sualına isə icra hakimiyyəti başçısı "bilmirəm" cavabını verdi. Bir sözlə Oğuz rayonu rəsmiləri kompensasiya verilmədən kəndlilərin torpaqlarının əllərindən alınmasının qanunsuz hal olması fikri ilə razılaşdılar və bu haqsızlığı aradan qaldırmaq iqtidarında olmadıqlarını bildirdilər. Bunun iqtidarında ola biləcək Nazirlər Kabinetindən isə məsələyə ümumiyyətlə münasibət bildirmək istəmədilər. Nəticədə isə kəndlilər bu il məhsulsuz qaldılar. Onların hələ neçə il belə vəziyyətdə olacağı da bir kəs tərəfindən bildirilmir. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||