BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 06 İyul, 2009 - Published 13:02 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Evlərindən “zorla çıxarılan ” sakinlər etiraz edirlər
 
Bakı sökülən ev
Xan Şuşinski küçəsində yaşayan bir qrup dinləyici BBC Bakı studiyasına gələrək evlərindən zorla çıxarıldıqlarını bildiriblər.

Onların dediyinə görə, 50 ildən çox müddətdə bu ünvanda yaşamaqlarına baxmayaraq Nərimanov rayon icra hakimiyyəti onlardan yaşadıqları evləri boşaltmağı və keçmiş erməni qəbiristanlığının yerində tikilmiş 3 mərtəbəli evlərə köçməyi tələb edib.

İcra hakimiyyəti rəsmiləri bu tələblərini adı çəkilən ünvanda dövlət əhəmiyyətli obyektin tikintisi ilə izah ediblər. Xan Şuşinski küçəsinə gələndə burada adam və polis əlindən tərpənmək belə olmurdu, deyir hadisə yerinə baş çəkən BBC müxbiri.

Etiraz

Ərazidə işləyən texnika yaşayan sakinlərin evlərini sökürdü. Sökülən 2-3 mərtəbəli evlər idi. Sakinlərin etirazlarına isə məhəl belə qoyulmurdu. Vətəndaşlar söküntü işlərinin onlara bu barədə heç bir xəbərdarlıq edilmədən və sərəncam filan göstərilmədən həyata keçirildiyini deyirdilər.

Onların sözlərinə görə, icra strukturları onlara evlərinin sökülməsi ilə bağlı heç bir sərəncam təqdim etməyib, xəbərdarlıq olmadan traktor salıb: evləri söküblər.

Yeni evlər
Sakinlər deyirlər ki, onlara təklif edilən evlər keyfiyyətcə onların sökülən evlərindən qat - qat aşağı keyfiyyətdədir.

Evlərin söküldüyü yerə gələn Nərimanov rayon icra hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov bildirdi ki, Xan Şuşinski küçəsində yaşayan 50 ailənin evi yaxınlıqda dövlət əhəmiyyətli obyekt tikildiyi üçün sökülür.

Amma dövlət əhəmiyyətli tikintinin nə olacağını icra nümayəndəsi demək istəmədi. Sakinlər isə burada prezident üçün iqamətgahın tikiləcəyini bildirdilər.

Kompensasiya

Şuşinskidə yaşayan sakinlər onlara evlərinin əvəzində kompensasiyanın verilməsini tələb etdilər. Kompensasiyalara gəlincə Şahmar İbadov bildirib ki, burada yaşayanların çoxu evlərində qeydiyyatda olsalar da “kupça” adı ilə məşhur qeydiyyat vəsiqəsinə malik deyillər. Odur ki, hökumət onlar üçün keçmiş erməni qəbiristanlığının yerində evlər tikib. İbadovun sözlərinə görə, adamlara təklif edilən evlər indi vətəndaşların yaşadığı evlərdən qat-qat yaxşıdır.

 Yeni evlərdə işığ, su, qaz var. Müasir evlərdir. İnanmırsınız gedin baxın
 
Şahmar İbadov, Nərimanov rayon icra hakimiyyəti başçısının birinci müavini

“İşığı, suyu, qazı var. Müasir evlərdir. İnanmırsınız gedin baxın”, - deyə İvadov əlavə etdi. Nərimanov rayon icra hakimiyyəti başçısının birinci müavinin sözünə istinadən hadisəyə yerinə gedən müxbirimiz Nailə Bağırova yazır ki, Molla Cümə küçəsində 14 ədəd 3 mərtəbəli ev inşa olunub.

“İlk baxışdan onlar qaçqınlar üçün inşa olunan müvəqqəti sığınacaqlara bənzəyirdi” – bildirir müxbirimiz. Binaların arasında 5-6 metr məsafə olardı. Bir-iki mənzilə də baş çəkdim. Ev sahiblərinin sözlərinə görə, mənzillər arasında arakəsmələr alçepandan düzəlib. Burada biri asğıranda divarın o tayında qonşular eşidir. Qapıların üstündə heç tutacağı yox idi, divarlarda isə dəliklər görünürdü.”

Evlərin keyfiyyəti

Sakinlər deyirlər ki, onlara təklif edilən evlər keyfiyyətcə onların sökülən evlərindən qat - qat aşağı keyfiyyətdədir. Ümumiyyətlə son vaxtlar Azərbaycanda vətəndaşların mülkiyyət hüquqlarının pozulmasından tez-tez şikayətləndiklərini nəzərə alıb hüquqşünas Ələsgər Məmmədliyə müraciət etdik.

Onun bildirdiyinə görə, mülkiyyət hüququ Azərbaycan konstitusiyası iə insanlara verilmiş ən əsas hüquqlardan biridir. Odur ki, qeydiyyat vəsiqəsi və yaxud adi qeydiyyatı olmasından asılı olmayaraq dövlət insanları başqa yerə köçürürsə bunu mütləq onların iradəsi daxilində etməlidir.

Ələsgər Məmmədli bildirdi ki, orderin özü şəxsin mənzil üzərində mülkiyyət hüququnu təsbit edir və ordedə malik şəxslərə qeydiyyat vəsiqəsi olan şəxslərlə bərabər hüquq verilməlidir. Sonda hüquqşünas bu kimi problemlərlə rastlaşmış vətəndaşara məhkəmələrə müraciət etməyi tövsiyə etdi. Onun sözlərinə görə, hətta Azərbaycanda onların məhkəmələri uda bilmədiyi təqdirdə iş Avropa Məhkəməsinə çıxarıla və orada udula bilər.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik