|
Azərbaycanlı rəssamın Londonda sərgisi
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Londonun mərkəzi rayonlarından birində St. Pancras kilsəsinin "The Crypt Gallery" salonunda Britaniyada yaşayan Azərbaycanlı
rəssam Kəbirə Əliyevanın əsərlərinin sərgisi keçirilib.
Sərgi Azərbaycanın Britaniyadakı səfirliyinin dəstəyi ilə təşkil edilib.
25 yaşlı rəssam Kəbirə Əliyeva təkcə son 10 ildə yaratdığı rəsm əsərlərini deyil, eləcə də heykəltəraşlıq əsərlərini də sənətsevərlərin mühakiməsinə təqdim edib. Əsərlər müxtəlif təsviri üsullar vasitəsilə yaradılıb. Burada fotokollaj, akvarel, qrafika və yağlı boya ilə işlənmiş eksponatlar gözü oxşayır. Və buradakı isti rənglər, əsərlərdə təsvir edilən şərqi movzular qədim kilsə zirzəmisində yerləşən bu rəsm qalereyasını bir anlığa Bakının qədim İçəri Şəhərinin bir güşəsinə çevirir. Nümayiş etdirilən çoxlu sayda əsərləri adi rəsm kimi qəbul etmək çətindir. Çünki burada gerçəklik qeyri-adi bir tərzdə, sanki kiminsə xəyalından keçərək fərqli bir formaya minərək təsvir edilib. Və rəsm əsəri onu seyr edəni istər-istəməz düşünməyə, əsərdə həkk olunmuş daxili mənanı anlamağa vadar edir.
"Bu əsərlərdə mənim yaşantılarım, gördüklərim, səyahətlərdə aldığım təəssüratlar, uşaqlıq yaşlarımdan indiyə kimi dünyagörüşümdə baş verən dəyişikliklər öz əksini tapıb", - deyən gənc rəssam Kəbirə Əliyeva yaradıcılığının qaynaqlandığı mənbələri də açıqlayır. "Məndə zaman-zaman yeni ideyalar yaranır, bəzi ideyalar uzun ömürlü olur, bəziləri isə yarandığı kimi də qeyb olur gedir. Əsərlərimin çoxu özünə doğma şəhərim Bakı üçün intizar hissini, nostalji hisslərini hopdurub", - deyir Kəbirə. O, indi yeni Bakını bəzən tanıya bilmədiyindən təəssüfləndiyini deyir: "Odur ki, köhnə Bakı, uşaqlıq xatirələrimi, öz nənə-babam haqda xatirələrimi, ailəm, Bakının yadımda qalan küçələri, mənzərələri barədə xatirələrimi əsərlərimdə canlandırıram". Hələ 3 yaşından rəsmə dərin həvəsi olsa da, Kəbirə təbiətə, təbiət haqda elmlərə böyük maraq göstərdiyini deyir.
"Mən həm də elmlə məşğul oluram - ixtisasca bioloqam. Və arzum da - nə vaxtsa elmi incəsənətlə qovuşdurmaqdır. Mən bunu müəyyən mənada artıq indi gerçəkləşdirməyə başlamışam və heykəltəraşlıq əsərləri vasitəsilə bu ideyaya nail olmaq istəyirəm. Odur ki, yaradıcılığım, əsasən, iki mövzu ətrafındadır - canlı aləmin daxili quruluşu ilə incəsənətin bağlılığı və mənim daxili köklərim ətrafında."
Sərginin rəsmi açılışında iştirak etmiş Azərbaycanın Britaniyadakı səfiri Fəxrəddin Qurbanov gənc rəssamın bu sərgisini mühüm hadisə kimi qiymətləndirdi. O, ölkələr arasında siyasi və iqtisadi münasibətlərin vacib olduğunu qeyd edərək bunu da vurğuladı ki, xalqlar arasında qarşılıqlı anlaşma və yaxınlaşmada mədəni əlaqələrin inkişafı mühüm rol oynayır. Fəxrəddin Qurbanov: "Siyasi və iqtisadı əlaqələrin inkişafı, əlbəttə, çox vacibdir. Amma bəzən mədəni əlaqələrin inkişafı daha çox səmərə verir, çünki bu halda, deyək, ingilis və ya Azərbaycan dilini bilmək heç də mütləq deyil, misal üçün, bədii əsərə baxmaqla hamı bir-birini yaxşı başa düşür." Azərbaycan tarixi və mədəniyyətinin zənginliyini qeyd edən səfir F.Qurbanov diqqəti bu sərginin əsas əhəmiyyətinə çəkərək dedi: "Bu sərgi göstərir ki, Azərbaycan mədəniyyətində həm Şərq, həm də Qərb elementləri vəhdət təşkil edir. Və bu da bizim mənəvi və mədəni zənginliyimizi göstərir."
Fəxrəddin Qurbanov bildirdi ki, Azərbaycan səfirliyi bu tədbirə böyük dəstək göstərib: "Və biz bundan sonra da əlimizdən gələni edəcəyik ki, Azərbaycan mədəniyyəti ilə dünya xalqlarını yaxından tanış edək, çünki bu, təkcə səfirliyə yox, ümumiyyətlə, Azərbaycan xalqına və həm də İngilis xalqına lazımdır." Sərgi eksponatlarını Britaniyanın çoxsaylı sənətsevərləri, bu ölkədə yaşayan azərbaycanlılar, Britaniya ictimaiyyətinin nümayəndələri və jurnalistlər də seyr etmişlər. Bir çoxları bu salonda ilk dəfə "Azərbaycan" adını eşidirdilər və qocaman Xəzərin qoynunda yerləşən bu diyarla özündə Qərb və Şərq motivlərini ehtiva edən əsərlər vasitəsilə tanış olurdular. Əsərlərin müəllifi ilə təxminən həmyaşıd olduğunu bildirən bir ingilis xanımı Cessika deyir ki, həmişə bu üslubda bir rəsm yaratmaq arzusunda olub: "Çox gözəl əsərlərdir, rəngarəng və müxtəlif mövzulardır. Mən bu əsərlər vasitəsi ilə Azərbaycan barədə, tanımadığım ölkə və insanlar, onların emosional durumu barədə özümdə müəyyən təsəvvür yarada bilirəm. Rəssam çox incə işləyib. Və eyni zamanda cəsarət və məharətlə rənglərdən və müxtəlif üsullardan istifadə edərək, çox canlı səhnələr yaratmağa müvəffəq olub. Belə rəsmlərdən birinin öz evimdə olmasını istərdim."
Elə bu anda gözüm artıq uzun müddətdir ki, bir rəsmi diqqətlə izləyən yaşlı bir kişiyə sataşır. Rəsm mənim üçün adi və sadə görünür. Orada insan əli təsvir olunub. Amma Kevin, deyəsən, bu rəsmdə hansısa bir gizli məna aşkar edib: "Fikrimcə, bu füsunkar bir sərgidir, ələlxüsus qrafika rəsmləri. Ümumiyyətlə, əsərlərin buradakı nümayişinin dizaynı elə qurulub ki, sanki, ayrı-ayrı rəsm və əsərlər arasında vahid daxili əlaqə yaranır, bir eksponat o birinin məntiqi davamı kimi görünür. Məni ən çox mütəəssir edən iş üslubunun keyfiyyətidir. Əsərlər çox canlıdır, yəni, əsərlərdə real həyatın əlamətləri həkk olunub - misal üçün, kiminsə əli, bu əl çox canlıdır, onun dinamikası rəsmdə gerçəklik yaradır." Sərgidə nümayiş etdirilən əsərlərin əksəriyyəti abstraksiya üslubunda işlənib. Mən Kəbirə Əliyevadan soruşdum ki, bəs, intizar, nostalji hissləri ilə burada nümayiş etdirilən mücərrəd təsvirlər necə uzlaşır? Kəbirə bunun səbəbini belə izah etdi: "Buradakı bir çox əsərlər - dinamik və abstrakt şəkillər və rəsmlər - intuitiv, daxili hisslər əsasında yaranan rəsmlərdir. İntuitiv əsərlər ürəyimə daha çox yatır, çünki düşünməyə, fikirləşməyə vaxt yoxdur. Və ona gorə də məhz bu cür intuitiv rəsmlər daha səmimi alınır. Və maraqlıdır ki, müəyyən vaxt keçdikdən sonra bu abstrakt, intuitiv rəsmlər vasitəsi ilə mən özümü də daha yaxşı tanımağa, anlamağa başlayıram. İnsan özünü daim dərk edir, bu prosesin sonu yoxdur. Ona görə də bu əsərlərim mənim üçün - məni özümə tanıdan, özümü özümə dərk etdirən, bir növ, işarələrdir." Kəbirə Əliyevanın London sərgisi fevralın 17-sinə kimi davam edəcək. Materialı Azər Ziya hazırlayıb. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||