14 Yanvar, 2009 - Published 08:57 GMT
O, Qəzzadakı döyüşlərə son qoymaq üçün intensiv danışıqlar aparacaq.
Cənab Ban Ki-Moon prezident Hosni Mübarəklə görüşərək Misirin sövdələşmə əldə etmək sahəsindəki rolunu müzakirə edəcək.
Bu sövdələşmə Qəzzanın cənub sərhədlərində monitorinq işlərini aparmaq üçün sülhməramlılardan ibarət yeni qrupu nəzərdə tutur.
Təkliflərdən biri bu rolun türk qüvvələrinə həvalə edilməsidir.
BBC müxbiri deyir ki, hamı İsrailin keçid məntəqələrini açacağına ümid edir ki, Qəzzaya həyati əhəmiyyətli humanitar yardımı daşımaq mümkün olsun.
Yüksək vəzifəli İsrail rəsmisi Misirin Həməsə silahların göndərilməsinin qarşısını almaq səylərini salamlayıb.
Misirdən sonra cənab Ban İordaniya, İsrail, Qərb Sahili, Türkiyə, Livan, Suriya və Küveytə səfər edəcək.
Qəzzada döyüşlər davam edir
Sakinlər ara-sıra partlayış səslərini eşitdiklərini və İsrail qüvvələri ilə fələstin yaraqlıları arasında qızğın döyüşlərin getdiyini bildirirlər.
Şəhərin üzərini qalın tüstü örtüb. İsrail qırıcıları binalara zərbələr endiriblər.
İsrail öz qüvvələrinin şəhəri demək olar ki, mühasirəyə aldığını bildirib. BBC müxbiri deyir ki, İsrail hökumətində parçalanma mövcuddur.
Müdafiə naziri Ehud Barak hücumların yavaşıdılmasının tərəfdarıdır, baş nazir Ehud Olmert isə əməliyyatların davam etdirilməsini istəyir.
Hücumlar artıq 17-ci gündür ki, davam edir. Fələstin rəsmiləri deyirlər ki, 970-dən çox adam həlak olub və bunların yarısı dinc sakindir.
İsrail tərəfindən ölənlərin sayı 13 göstərilir. Onların 10 nəfəri əsgərdir.