Skip to main contentAccess keys helpA-Z index
BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 31 Yanvar, 2009 - Published 17:08 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Məmmədəmin Rəsulzadənin 125 illiyi
 
Məmmədəmin Rəsulzadə
Məmmədəmin Rəsulzadə 1884-1955
Yanvarın 31-də Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məmmədəmin Rəsulzadənin anadan olmasının 125 illiyi qeyd olunub. Bu tarixlə bağlı onun Novxanıdakı abidəsi önünə 500 nəfərə yaxın insan yığılıb.Onların arasında müxalifət partiyalarının liderləri və üzvləri, ictimai xadimlər və sıravi vətəndaşlar olub.

Məmmədəmin Rəsulzadənin adını daşıyan meydan bərbad vəziyyətdədir. Heykəlin qarşısına daş döşənsə də, bütövlükdə parka heç asfalt belə salınmayıb.

Novxanı kənd sakinləri bunu icra nümayəndəliyinin biganə münasibəti ilə izah edirlər.

İcra nümayəndəsi Muxtar Səfərov isə mayın 28-ə kimi bu meydanın abadlaşdırılacağını söz verdi.

 Məmmədəmin Rəsulzadəni bizim ürəklərdə yaşatmaq üçün, ona daşdan abidə ucaltmaq heç də vacib deyil
 
Bakı gənclərindən biri

Azərbaycan Xalq Cümhuriyyətinin banisinə biganə münasibət təkcə Novxanı qəsəbəsində müşahidə olunmur. Onunla bağlı adətən dövlət xadimləri üçün təşkil olunan silsilə yubiley tədbirləri keçirilmir.

Bununla bağlı Nazirlər Kabineti tərəfindən qərar qəbul edilməyib. Hətta Məmmədəmin Rəsulzadənin rəhbərlik etdiyi ilk Milli Şuranın bir növ davamçısı sayıla biləcək Azərbaycan parlamentində də yubiley tədbirlərinin keçirilməsi planlaşdırılmayıb.

Azərbaycan cəmiyyətində bu tarixi şəxsiyyətə münasibət birmənalı deyil. Bir qisim şəxslər Rəsulzadənin Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcısı adlandırılmasını düzgün saymır.

Amma tarixçilərin çoxu, Məmmədəmin Rəsulzadənin Azərbaycan dövlətçiliyinin ideoloqu olması fikrində yekdildir. Rəsulzadə yaradıcılığının tədqiqatçısı və onun əsərlərinin iki cildini çap etdirmiş professor Şirməmməd Hüseynov belələrindəndir.

ADR hökumətinin üzvləri

"1911-ci ildə “Müsavat” partiyası yaradılır və 1913-cü ildə Bakıya gələn Məmmədəmin Rəsulzadə özü bu partiyanın başında durur. Tez bir zamanada partiya Azərbaycanı müstəqilliyə aparmağa qadir olan siyasi quruma çevrilir."

Tarix elmləri namizədi Nəsiman Yaqublu da “Müsavat” partiyasının Azərbaycanın müstəqillik elan etməsində böyük rola malik olduğunu önə çəkir.

Beləliklə 1918-ci ildə Azərbaycan öz müstəqilliyini elan edir. Amma müstəqilliyi yaratmaq işin bir tərəfi , onu qorumaq, hökuməti formalaşdırmaq və onu dünyaya tanıtmaq gənc dövlətin yaradıcıları qarşısında əsas problem olaraq qalır.

Şirməməd Hüseynov bildirir ki, o zamanlar Məmmədəmin Rəsulzadəyə prezident respublikası yaratmaq təklif edilir. Amma o, parlament respublikasına üstünlük verir.

Daha sonra Versal müqaviləsi bağlanır və Azərbaycan qərb tərəfindən de-fakto tanınır. Müstəqil Azərbaycan dövləti 1920-ci ildə 11 qızıl ordunun istilası nəticəsində Rusiyanın əlinə keçsə də məhz bu müqavilə hüquqşünas və tarixçilərin dediyinə görə, Sovet Rusiyasına müstəqil Azərbaycanı bölməyə imkan vermir və onun yerində Azərbaycan Sovet Sosialist Respublikası yaradılır.

Xalq Cümhuriyyətinin rəhbərliyində təmsil olunanların bir qismi öldürülür. Məmmədəmin Rəsulzadə xaricə getməyə məcbur olur.

Nəsiman Yaqublunun sözlərinə görə, Məmmədəmin Rəsulzadənin mühacirət həyatı da sakit keçmir. O mühacirətdə də Azərbaycan dövlətçiliyi ilə bağlı xeyli məqalələr yazır, qərb dövlətlərinin liderləri ilə görüşür.

Şirməmməd Hüseynova əsasən, Rəsulzadənin 40 -cildə sığacaq əsərləri var. Amma onlardan cəmi ikisi onun tərəfindən yığılıb və çap edilib.

Hazırda Bakıda, tarixçilərin dediyinə görə, Məmmədəmin Rəsulzadəyə heykəl nəinki qoyulmayıb üstəlik Kukla teatrı ilə üzbəüz meydanda "Bura Məmmədəmin Rəsulzadənin heykəli qoyulacaq" sözləri yazılmış daş da götürülübdür.

Onun şəkli vurulmuş Azərbaycan manatının eskizi dəyişdirilib, açılmasında müstəsna rolu olduğu bildirilən Bakı Dövlət Universiteti də artıq Rəsulzadınin adını daşımır.

Lakin M.Rəsulzadənin tərəfdarlarından birinin dediyi kimi "Məmmədəmin Rəsulzadəni bizim ürəklərdə yaşatmaq üçün, ona daşdan abidə ucaltmaq heç də vacib deyil."

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik