BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 14 Yanvar, 2009 - Published 15:36 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Estoniya prezidentinin Bakıya səfəri başa çatıb
 
Eston prezident
Tomas İlves
Estoniya prezidenti Tomas Hendrik İlvesin Bakıya səfəri başa çatıb

Səfər zamanı Estoniya Azərbaycan elektron hökumət və elektron idarəetmə sahəsində yeni layihələr təqdim edib.

Eston nümayəndə heyəti bildirib ki, bu layihələrin həyata keçirilməsi üçün Azərbaycanda informasiya-kommunikasiya sahəsi tam rəqəmsal sistemə keçməlidir.

Eston şirkətləri Azərbaycanda seçkilərdə İnternet vasitəsilə səsvermə keçirməkdə yardımlarını təklif ediblər.

Estoniyadan gələn yüksək səviyyəli nümayəndə heyətinin səfərində əsas müzakirə mövzusu Azərbaycanın enerji layihələri və bir Avropa İttifaqı ölkəsi kimi Estoniyanın enerji təhlükəsizliyi, eləcə də, Estoniyanın İKT sahəsindəki yeniliklərinin Azərbaycanda tətbiqidir.

Estoniyanın iqtisadiyyat və kommunikasiya naziri Juxan Parts deyir ki, iki ölkə arasında informasiya-kommunikasiya sahəsində əməkdaşlıqla bağlı müqavilə hazır olmadığından imzalanmadı.

Amma Estoniya Azərbaycan hökumətinə elektron hökumətin yaradılması ilə bağlı layihə təqdim edib. Görüşlərdə Estoniyada seçkilərdə İnternet və mobil telefon vasitəsilə səsvermənin təşkilindən də bəhs edilib.

Yuxan Parts bildirir ki, elektron hökumətin qurulması başqa hər hansı xidmətin təşkilindən çətindir. Elektron hökumət və ya elektron seçkilərin təşkili info-texnologiyalardan istifadə etməklə vətəndaş və dövlət orqanları arasında əlaqələrin qurulmasıdır.

Estonilyalı nazir deyir ki, elektron hökumətin qurulması üçün ölkədə informasiya-kommunikasiya sahəsində infrastruktur yaxşı inkişaf etməlidir.

"Bizim bu sahədə yaxşı təcrübəmiz var və əgər Azərbaycan hökuməti istəyirsə, biz bu sahədə əməkdaşlıq edə bilərik."

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Estoniya ilə İKT sahəsində əməkdaşlıq etməkdə maraqlı olduqlarını deyib. O bildirib ki, bu il Azərbaycan parlamenti regional innovasiya zonası yaratmaq barədə qanun qəbul etməyə hazırlaşır.

Bu qanun İKT sahəsinə investorların cəlb edilməsi üçün gömrük və başqa sahələrdə güzəştlərin edilməsinə zəmin yaradacaq. Əli Abbasov Azərbaycanda elektron hökumətin yaradılması ilə bağlı Estoniya ilə əməkdaşlıq etməkdə maraqlı olduqlarını deyib.

Bəs, Azərbaycanda elektron hökumətin yaradılması ideyası nə dərəcədə realdı? Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüzün sözlərinə görə, belə bir yeniliyin edilməsi üçün Azərbaycanda informasiya texnalogiyaları sahəsində xeyli iş görmək lazımdı:

"Estoniyada hər bir vətəndaşın cibində bir kart var. Həmin kartdan istifadə etməklə vətəndaş istənilən məsələ ilə bağlı hökumət qurumları ilə əlaqə yarada bilər. Bu məsələnin təşkilinə hazırlıq səviyyəsinə görə Azərbaycan və Estoniya arasında böyük fərq var."

Osman Gündüz deyir ki, elektron hökumətin yaradılması üçün İnternet xidmətləri xeyli təkmilləşdirilməlidi

"Azərbaycanda İnternet istifadəçilərinin cəmi 1-2 faizi geniş zolaqlı İnternetdən istifadə edə bilir. Qalanları isə Avropada artıq keçmişə çevrilən dial-up üzərində İnternetə qoşulur. Bununla elektron hökumət qurmaq mümkün deyil. Eyni zamanda Azərbaycanda İnternet xidmətlərinin qiyməti Estoniyadan təqribən 20 dəfə bahadı."

Ekspert hesab edir ki, elektron səsvermə, elektron idarəetmə tətbiq etməzdən əvvəl Azərbaycan rəsmiləri İnternetin sürətini və keyfiyyətini yüksəltməli, onun istifadəçilərinin sayını artırmağa çalışmalıdır.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik