|
Qısa dalğada çıxmağa icazə gərəkdirmi?
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Teleradio İstehsalat Birliyi xarici radioların onların avadanlıqları vasitəsilə
qısa dalğada yayımlanması üçün müqavilə imzalamağı təklif edir.
Birlik qeyd edir ki, belə bir müqavilənini imzalanması üçün xarici radiolar Teleradio Şurası və Dövlət Teleradio Tezliiklər İdarəsindən lisenziya almalıdırlar. Teleradio Şurasının qərarına əsasən, yanvarın 1-dən FM dalğalarında yayımı dayandırılan BBC, "Azadlıq" və "Amerikanın səsi" hazırda İnternet və peyk vasitəsilə yanaşı, qısa dalğalarla da yayımlanır. Rabitə Nazirliyinin Teleradio İstehsalat Birliyinin sədri Əflatun Şərifov bildirir ki, onlar xarici radioların Azərbaycan ərazisində qısa dalğada yayımını təşkil edə bilərlər. Teleradio İstehsalat Birliyinin sədri dedi ki, əgər qısa dalğalarda yayımlanan proqramlar birliyin avadanlıqları vasitəsilə ölkə ərazisinə təkrar yayımlansa, yəni retranslyasiaya olunsa bu yayımın keyfiyyətinin yaxşılaşmasına kömək edər. Əflatun Şərifov bildirir ki, hazırda xarici radioların Azərbaycandan kənar yerləşən ötürücülər vasitəsilə qısa dalğalarla yayımlanmasında qanunsuz bir şey yoxdur. Bununla yanaşı, Əflatun Şərifov Azərbaycana yayımlanan və Azərbaycan dilində olan verilişlərin məzmunla bağlı müəyyən qaydaları gözləməli olduğunu deyir: "Əgər həmin o dalğada dövlət əleyhinə, respublikanın təhlükəsizliyi, prezidentin şərəf və ləyaqətinə toxunan verilişlər olsa, həmin verilişləri kəsməyə, yəni qısa dalğaların yayımlanmasını əngəlləməyə bizim ixtiyarımız var. FM diapazonunda biz xarici radiolarla müqavilə imzalayanda həmin şərtlər var idi ki, Azərbaycan dövlətçiliyi və ya prezidentin şərəf və ləyaqətinə toxunan verilişlər olduqda biz həmin verilişləri kəsə bilərdik. Bizdə əgər hər hansı yayım təşkil olunursa, orda hazırlanan verilişlər o şərtləri güdməlidirlər." BBC, "Azadlıq" kimi radiolar hələ sovet vaxtlarında hökumətin razılığı olmadan qısa dalğalarda yayımlanıblar. İndi qısa dalğada yayım üçün hansısa bir müqavilənin imzalanması nə dərəcədə zəruridir. Hüquqşünas Rəşid Hacılı bildirir ki, belə bir müqavilənin imzalanmasına ehtiyac yoxdur: "Bu qısa dalğa dünyanın hər hansı başqa hissəsindən yayımlanır və onu radioqəbuedici vasitəsilə istənilən ölkədə dinləmək olar. O baxımdan bu, artıq Azərbaycan qanunlarından kənarda tənzimlənən məsələdir. Çox güman ki, xarici radiolar qısa dalğada tezliyi Beynəlxalq Telekommunikasiya Birliyindən alıblar. Buna görə də, həmin tezliyi ötürən ötürücülərin yerləşdiyi ölkə ilə razılaşma əldə olunub və bunun Azərbaycanda hər hansı müqavilə ilə tənzimlənməsinə ehtiyac yoxdur." Rəşid Hacılı onu da dedi ki, qanunla Teleradio İstehsalat Birliyinin verilişlərin məzmunu ilə bağlı hər hansı tələb qoyması
düzgün deyil. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||