BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 06 Yanvar, 2009 - Published 16:00 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Bakıda qısadalğalı radioların satışı çoxalıb
 
Radio
Bu il yanvarın 1-dən BBC, Azadlıq və Amerikanın səsi radiolarının FM diapazonunda yayımı dayandırılandan sonra bir çox dinləyici verilişlərimizə qulaq asmaqda çətinlik çəkir.

Bəzi dinləyicilər isə uzun dalğalı yayımla müqayisədə qısa dalğalarla yayımın keyfiyyətinin elə də yüksək olmadığından şikayətlənirlər.

Hazırda xarici radioların necə dinlənildiyini araşdıran müxbirimiz Fainə Hənifəyevanın reportajından məlum olur ki, son günlər ərzində qısa dalğalı radioqəbuledicilərin satışı çoxalıb.

Bəzi dinləyicilərimiz BBC Azərbaycan xidmətinin 103.3 dalğasında yayımı dayandırılandan sonra verilişlərimizə qulaq asa bimədiklərini bildirirlər.

Bir dinləyici qadın bildirir ki, radioqəbuledicidə nə qədər axtarsa da, BBC verilişlərinin yayımını tapa bilməyib.

Mətanət Tağıyeva adlı dinləyici isə BBC Azərbaycan xidmətinə yüksək texnologiyalarla istifadə ilə keyfiyyətli yayım arzulayır. O həmçinin qısa dalğalarla yayımın o qədər də keyfiyyətli olmadığını bildirir.

Amma digər dinləyicilər qısa dalğalarla yox, İnternet və kabel televiziyası ilə BBC Azərbaycan xidmətinin verilişlərinə qulaq asmaqda davam etdiklərini deyirlər.

Yanvarın 1-dən etibarən üzərində SW, yəni qısa dalğalar yazılan radioqəbuledicilərin satışı artıb. Bunu Sədərək Ticarət Mərkəzinin topdansatış nöqtələrindən birinin satıcısı Rasim Əliyev dedi:

"Əvvəllər radioqəbuledici alanlar FM diapazonlu avadanlıq almaq istəyirdilər. Amma keçən ilin son günlərindən etibarən SW diapazonunu soruşan alıcıların sayı xeyli artıb."

Rasim Əliyev deyir ki, qısa dalğalı radioqəbuledicilər əsasən Çin istehsalı olan ucuz mallardı.

Amma topdansatışdan fərqli olaraq şəhərin mərkəzində iri məişət texnikası mağazaları alıcıların təlabatını elə də ödəyə bilmirlər. Bunu belə mağazalardan birinin satış üzrə meneceri İlqar Ağayev dedi:

"Burda satılan radiodalğalar olan musiqi mərkəzləri və ya maqnitofonlar arasında SW dalğalı olanları çox azdır. Yəni, daha dəqiq desək, əgər satışda 30 mal varsa, onlardan yalnız birində SW var."

İlqar Ağayev bildirir ki, son bir neçə ildə satışda olan avadanlıqlar arasında qısa dalğaları tuta bilən musiqi mərkəzlərinə getdikcə daha az rast gəlinir. O həmçinin bildirdi ki, son bir neçə gündə qısa dalğalı qəbuledicilər almaq istəyən müştərilərinin sayı artıb.

Qısa dalğalarla yayımın FM yayımına keyfiyyətdə uduzduğu məlumdur. "Azadlıq" radiosunun marketinq üzrə meneceri Rafiq Məmmədli bildirir ki, soyuq keçən bu son bir neçə gündə dinləyicilər yayımın keyfiyyətindən şikayət edirlər.

"Dinləyicilərimiz darıxmasınlar və sovet dövrünü yada salsınlar. O vaxt yayımda xırıltı daha çox olurdu. FM yayımının kəsilməsi tsadüfən soyuq havalara düşdü, buna görə də yayımın keyfiyyəti indi aşağıdı".

"Turan" agentliyinə müsahibəsində Prezident Aparatı ictimai siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib ki, xarici radioların FM diapazonunda yayımının bərpası ilə bağlı danışıqlar aparılmır.

Əli Həsənov onu da deyib ki, xarici radioların alternativ vasitələrlə yayımının təmini yolları ilə bağlı təkliflər nəzərdən keçirilə bilər.


Bildiyiniz kimi, yanvarın 1-dən etibarən Bakı və onun ətrafında yaşayan dinləyicilərimiz BBC Azərbaycan, BBC English, BBC Rus və BBC Türk xidmətlərinin proqramlarını FM tezliyində dinləmək imkanından məhrum olunurlar.

Siz bizi hələ də 6 055 kilohertz 49 metr, 7 215 kiloherts 41 metr və 9 750 kiloherts 31 metr qısa dalğalarda dinləyə bilərsiniz. Bundan başqa bizə Hotbird peykindəki kanalımız vasitəsilə qulaq asmaq olar.

Bizi eləcə də İnternet səhifəmizdə izləyə bilərsiniz: www.bbc.co.uk/azeri/

BBC-nin Azərbaycan Xidməti Sizinlədir!

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik