http://www.bbcazeri.com

22 Noyabr, 2008 - Published 13:47 GMT

Barak Obama iki illik iqtisadi proqramı üzərində işləyir

Özünün həftəlik müraciətində Obama deyib ki, inflasiyanın güclənməsini və kəskin artan işsizliyin qarşısını almaq üçün cəld və konkret tədbirlər lazımdır.

Onun sözlərinə görə, tənəzzülün qarçısını almaq asan iş olmayacaq və durum, yaxşılaşmazdan əvvəl pisləşəcək.

Bu həftənin əvvəli rəsmi statistika göstərmişdir ki, Amerikada işsizlik son 16 ildə ən yüksək dərəcəyə çatıb.

Bu arada Amerikalı milyarder Corc Soros deyib ki, Birləşmiş Ştatların iqtisadiyyatına hazırki maliyyə proqramının nəzərdə tutduğuna əlavə olaraq daha 300 milyard dollardan 800 milyarda qədər vəsait tələb olunur.

Almaniyada çıxan dərgilələrdən birinə verdiyi müsahibədə cənab Soros deyib ki, hazırki maliyyə böhranı gözlənildiyindən də ağırdır.

Onun sözlərinə görə, böyük həvəsləndirici proqramlar və infrastruktura investisiyalar lazımdır.

Corc Soros prezident seçilmiş Barak Obamaya böyük ümidlər bağladığını da deyib.

Onun sözlərinə görə, böhranın nə qədər davam edəcəyi yeni prezidentin bu sahədə nə dərəcədə uğurlu siyasət həyata keçirəcəyindən asılı olacaq.