http://www.bbcazeri.com

20 Noyabr, 2008 - Published 15:03 GMT

'Vahid Rusiyanın' 10-cu qurultayı keçirilir

"Rusiya iqtisadiyyatında 90-cı illərin şoku olmayacaq" - bunu bu gün ölkənin hakim partiyası "Vahid Rusiya"-nın qurultayında baş nazir Vladimir Putin deyib.

Qurultayda ilk növbədə iqtisadi böhran və ona qarşı mübarizə yolları haqda söz açılıb. Böhrana qarşı addımlar kimi Rusiyada vergilər azaldılacaq, biznesə güzəştlər ediləcək və işsizliyə görə müavinət artırılacaq.

"Vahid Rusiya"-nın yubiley 10-cu qurultayı əvvəlki qurultaylardan 2 əsas məqama görə seçilib. Birincisi ilk dəfə olaraq qurultayı partiya lideri baş nazir Vladimir Putin aparıb.

Başqa fərq isə lap fundamental olub - ilk dəfə olaraq hakim partiyanın qurultayı iqtisadi böhran vəziyyətində keçib.

İndiyə kimi neftin yüksək qiymətləri, yüksək iqtisadi artım və böyük büdcə gəlirləri fonunda hakim partiya yeni yeni nəaliyyətlərdən raport edirdi. İndi ətrafdakı iqtisadi fırtına hər şeyə təsir etməyə başlayır. Bu məqamı nə qurultayda qonaq kimi iştirak edən prezident Dmitriy Medvedev nə də Vladimir Putinin özü danmayıblar. Düzdür, qurultay qarşıdsında kiçik məruzəylə çıxış edən prezident Medvedev dedi ki, hazırkı böhran vəziyyətində də dövlət özünün bütün öhdəliklərini həyata keçirəcək:

"Hazırkı çətin dövrdə də dövlət vətəndaşlar qarşısındakı sosial öhdəliklərini həyata keçirəcək. Və nəhəng inzibati imkanlara malik "Vahid Rusiya" maksimum şəkildə bu işə gəlb olunmalıdır", deyib prezident Medvedev.

Daha sonra geniş məruzəylə çıxış edən baş nazir Vladimir Putin faktiki bütövlüklə böhran və böhranla mübarizə yolları haqda danışdı. Baş nazir hazırkı böhranı təbii fəlakətlə müqayisə edərək bildirdi ki, ona qarşı mübarizə aparmaq çətin olacaq, ancaq hökumət ifrat tənəzzülün qarşısını almaq üçün əlindən gələni edəcək:

"Biz vətəndaşların banklardakı əmanətlərini qorumaq üçün, yaşayış evlərinin tikintisinə öz pullarını qoymuş vətəndaşların qanuni maraqlarının təmin olunması üçün hər şey edəcəyik. Biz əlimizdən gələni edəcəyik ki, 91 və 98-ci illərin iqtisadi şokları olmasın".

Xatırladım ki, 98-ci ildəki Rusiya defoltu zamanı bir neçə həftəyə rubl 4 dəfəyə qədər qiymətdən düşmüşdü. Daha sonra Vladimir Putin bildirdi ki, iqtisadiyyatı canlandırmaq üçün mənfəət vergisi 4 faiz aşağı salınacaq. Bu dövlətə təxminən 15 milyard dollara başa gələcək, ancaq bu pullar iqtisadiyyatda qalacaq. Habelə kiçik biznesə qoyulan vergi xeyli azaldıla bilər. Vladimir Putin bildirdi ki, hazırkı böhran əmək bazarında struktur dəyişikliklərə səbəb ola bilər, bu baxımdan işsizliyə görə müəvinat qaldırılacaq, onun maksimum həddi təxminən 200 dollar təşkil edəcək.

Ancaq, görünür, bütün bu bəyanatlar Rusiya bazarlarını canlandıra bilməyib, bu gün Moskva birjasında növbəti dəfə əhəmiyyətli enim müşahidə olunub.