18 Noyabr, 2008 - Published 15:22 GMT
Bakıda daşınmaz əmlak bazarında aktivlik, yəni alqı-satqı və kirayə əməliyyatları təqribən 5 faiz azalıb. Əmlak bazarının monitorinqi göstərib ki, həm bazarda aktivliyin azalması, həm də qiymətlərin nisbətən aşağı düşməsi son iki ayda baş verib. Yerli ekspertlər bunu beynəlxalq maliyyə böhranının təzahürü kimi də qiymətləndirirlər.
Sentyabr ayından başlayaraq, Bakıda təkrar satışa çıxarılan, yəni köhnə mənzillərin qiymətində enmə müşahidə olunur. Bazarı monitorinq edən Əmlak Bazarı İştirakçıları təşkilatından Nüsrət İbrahimovun sözlərinə görə, qiymətlərin azalması mənzillərin qiyməti ilə yanaşı, icarə haqlarında da baş verib.
Ev alqı-satqısı məsələləri üzrə şirkətlər də son bir neçə ayın işindən narazı qalıblar. Belə şirkətlərdən birinin nümayəndəsi Mirkamal Əlizadə deyir ki, bu onların qazancına heç də yaxşı təsir göstərmir və bəzi rialtor şirkətləri bağlanmaq təhlükəsi ilə üz-üzə qalıblar.
Alqı-satqı şirkətləri bazarda passivliyin yaranmasını alıcılarda nağd pulun olmaması və bu arada bankların da kreditlər verilişini dayandırması ilə izah edirlər.
İqtisadi ekspert Zöhrab İsmayılın sözlərinə görə, tikinti bazarında qiymətlərin düşməsi beynəlxalq maliyyə böhranının təzahürlərindən biridir.
“Bəzi iş adamları öz pullarını müxtəlif əmlaklara yatırırlar. Bu arada maliyyə çətinlikləri ilə əlaqədar həmin əmlaklar bazara çıxarılıb və təklif tələbi üstələyib, bu isə qiymətlərə təsir edir.”
Mənzil və tikinti məhsullarındna fərqli olaraq, ölkədə çox az sayda istehlak mallarında qiymətlərin enməsi müşahidə olunur. Bakıda evlərin qiymətlərinin nisbətən enməsinə baxmayaraq, alıcılar yenə də bahalıqldan şikayətlidirlər.
Bakıda bir otaqlı mənzilin orta qiyməti 59 min Amerika dollarıdır. İki otaqlı mənzili isə təqribən 93 min dollaradı. Yeni
tikilidə qiymətlər isə nisbətən ucuzdur. Əgər yeni mənzillərdə bir kvadrat metrin qiyməti təqribən 1150 dollardısa, təkrar
bazarda bu 1700 dollardı.
Azərbaycan