11 Oktyabr, 2008 - Published 16:25 GMT
Amerikada Alyaska Ştatının qanunverici orqanı üçün hazırlanmış bir müstəqil hesabatda deyilir ki, ştatın qubernatoru Sara Palin vaxtı ilə yüksək rütbəli bir rəsmini işdən kənarlaşdırarkən səlahiyətlərindən sui-istifadə edib.
Amerikanın vitse-prezidenti vəzifəsinə hazırda Respublikaçıların namizədi olan Sara Palin Alyaskanın hüquq-mühafizə orqanlarının rəhbəri Volter Moneqanı (Walter Monegan) işdən azad edərkən özünün şəxsi maraqlarından çıxış etməkdə ittiham edilir.
Hesabatda deyilir ki, ailə zəminində ortalıqda olan kin cənab Moneqanın işdən çıxarılmasında yeganə səbəb olmasa da, çox guman ki, mühüm amillərdən biri olub. Sara Palin bu iradları rədd edir.
İlk baxışda bu hesabat Con Makkeyn-Sara Palin (MacCane-Palin) cütlüyünün seçkiqabağı kampaniyasına böyük bir ziyanvurucu amil kimi görünür, çünki bu vaxtadək onların hər ikisi seçicilərlə görüşlərdə hökümət işində vəzifə səlahiyyətlərindən sui-istifadə etmədiklərində əmin edirdirlər. Lakin Sara Palin vitse-prezident vəzifəsinə namizəd olandan sonra Con Makkeynin komandası Alyaskanın qubernatoru Sara Palinin işinə dair təhqiqatın əsassızlığını sübuta yetirmək üçün fəal iş görürdü.
Müxtəlif mətbuat-konfransları zamanı, vebsaytlar, çıxışlar və nitqlərində, Respublikaçıların seçki təşviqartçıalrı Demokratların namizədi Barak Obamanın tərəfdarlarını adi qeyri-siyasi bir məsələni qubernator Sara Palinə kölgə atmaq və seçkilərin istiqamətini dəyişmək məqsədilə sırf qərəzli məsələyə çevirməkdə günahlandırmışlar.