05 Sentyabr, 2008 - Published 02:27 GMT
Bu gün Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammiti keçirilir.
Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstanı özündə birləşdirən bu hərbi siyasi qurum Cənubi Osetiyadakı hadisələrlə bağlı ümumi mövqe bildirməlidir.
Dünən üzv ölkələrin xarici işlər nazirləri Cənubi Osetiyayla bağlı bəyanat qəbul ediblər, indi prezidentlərin öz mövqelərini bildirməsi gözlənilir.
Rusiya mətbuatına görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ölkələrinin prezidentləri bu gün Cənubi Osetiyadakı hadisələrlə bağlı geniş kommünike qəbul etməlidirlər. Moskva təşkilat üzvlərinin ümumi birmənalı mövqedən çıxış edəcəklərini gözləyir.
Prezidentlərin imzalayacağı kommünike çox guman dünən 7 ölkənin xarici işlər nazirlərinin qəbul etdikləri bəyanata söykənəcək. Bu bəyanatda xarici işlər nazirləri Rusiyaya öz dəstəyini bildiriblər, Gürcüstanın isə "dinc əhali arasında çoxsaylı qurbanlara, sülhməramlıların qətlinə, humanitar fəlakətə gətirmiş hərbi hərəkətləriylə bağlı" dərin narahatlıq bildirilib.
Rusiyanın xarici işlər naziri Serqey Lavrov bu bəyanatdan məmnun qaldığını bildirib: "Bəyanatda düzgün vurğular qoyulubr, burada bütün lazımi məqamlar göstərilib, Gürcüstanın Cənubi Osetiyaya qarşı hərəkətləri qəbuolunmazlığı göstərilib. Ümumən bütün suallara burada dəqiq cavablar verilib. Biz məsələylə bağlı beynəlxalq təşkilatlarda uzlaşdırılmış şəkildə çıxış edəcəyimiz haqda razılığa gəlmişik".
Bununla belə, Rusiya mətbuatına görə, Moskva özünün ən yaxın müttəfiqləri sayılan təşkilat üzvlərindən daha çox şey istəyə bilər. Bu da ilk növbədə Cənubi Osetiya və Abxaziyanın müstəqilliyinin tanınmasıdır.