|
"Gülün Ermənistana səfəri Türkiyənin daxili işidir"
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, Türkiyə prezidentinin Ermənistana səfər etmək qərarı, Türkiyənin
daxili işidir və Azərbaycan bu məsələyə müdaxilə edə bilməz.
"Türkiyə prezidenti qərarı özü qəbul edir. Azərbaycan hər hansı formada bu məsələyə toxuna bilməz, çünki bu Türkiyənin daxili işidir." Sentyabrın 6-da Yerevanda, Ermənistan və Türkiyə milli komandaları arasında dünya çempionatının seçmə oyunu keçiriləcək. Şənbə günü Yerevana gəlmək dəvətini qəbul edən prezident Abdulla Gül, bu ölkəyə gələn ilk Türkiyə rəhbəri olacaq. Prezident idarəsinin məlumatında deyilir: "Bu oyuna getməklə, regionda dostluq münasibətləri üçün yeni mühit yaradıla bilər. Prezident bunu nəzərə alaraq, matça getmək dəvətini qəbul edib. Türkiyə mətbuatında məsələyə dair fərqli mövqelər mövcuddur. Bəziləri bu səfəri tarixi adlandırsa da, Ermənistana səfər qərarı ziddiyyətli olaraq qalır. Türkiyənin əsas müxalifət partiyası deyir ki, bununla Gül erməni soyqırımı ittihamlarına Türkiyənin münasibətinin dəyişməkdə olmasına dair səhv mesaj göndərir. Lakin türk mediasında bəziləri bu səfərlə iki ölkə arasında münasibətlərdə əsl dəyişikliyin başlayacağına ümid edirlər. Bu zaman yada, Amerika və Çin arasında 70-ci illərdə "stolüstü tennis"diplomatiyası kimi ad çıxarmış proses düşür. Türkiyə Ermənistanla diplomatik münasibətlərə malik deyil. Buna səbəb Yerevanın "soyqırımı" tanıtdırmaq yönümündə addımları və Ermənistanın Azərbaycanla Dağlıq Qarabağ münaqişəsidir. Bu səbəbdən Türkiyə prezidentinin Ermənistana getmək qərarı, Azərbaycanda bəzi dairələr tərəfindən narahatlıq və narazılıqla qarşılanıb. Bu arada Ermənistan Futbol Federasiyası oyun üçün bütün hazırlıqların başa çatdırıldığını söyləyib. Ermənistan mətbuatı prezident Gülün Yerevana gəlmək qərarına böyük yer ayırır. Qəzetlərin bəziləri, bu səfərin siyasi əhəmiyyət kəsb etmədiyini, Türkiyə rəhbərinin sadəcə oyuna baxmaq üçün aldığı dəvətə müsbət cavab verdiyini yazırlar. Oyun 52 min tamaşaçı yerləşən Razdan stadionunda keçiriləcək. Türkiyəli azarkeşlərə 2700 yer ayrılıb. Stadion ətrafında və başqa yerlədə sərt təhlükəsizlik tədbirləri görüləcək. Türkiyəli oyunçular Yerevanın mərkəzindəki Qolden Pleys otelində qalacaqlar. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||