http://www.bbcazeri.com

27 Avqust, 2008 - Published 14:18 GMT

Prezidentin əfv fərmanı icra olunub

Prezidentin əfv fərmanı icra olunub

Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının icrası Baş İdarəsinin ictimai-siyasi şöbəsinin rəisi Faiq Qurbanovun sözlərinə görə, bu dəfəki əfv fərmanı hər hansı bir əlamətdar hadisə ilə əlaqədar olmayıb.

"Əfv fərmanı imzalamaq prezidentin istisna hüququdur və o, humanistlik göstərərək bu hüququndan istifadə edib."

Bu dəfə əfv olunanların arasında yerli hüquq müdafiəçilərinin siyasi məhbus adlandırdıqları 6 nəfərin adı var.

Bunlar Azərbaycanın ilk milli qəhrəmanı Rasim Əkbərov, keçmiş spiker Rəsul Quliyevin qardaşı oğlu Bayram Quliyev və keçmiş səhiyyə naziri Əli İnsanovun işi ilə bağlı həbs edilən Aleksandr Umnyaşkin də var.

Hüquq müdafiəçisi Səidə Qocamanlı deyir ki, bu fərmandan sonra onların Avropa Şurasına təqdim etdiyi siyahıda 29 nəfərin adı qalıb.

Hüquq müdafiəçiləri 2000-ci ildə həbs edilən sabiq batolyon komandiri Rasim Əkbərovun səhhətində ciddi problemlərin olduğunu qeyd edərək, onun əfv olunması ilə bağlı ölkə rəhbərliyinə dəfələrlə müraciətlər ediblər.

Rasim Əkbərovun atası Ağa Əkbərov bildirir ki, oğlunun səhhəti ağırdır və onu Goranboya ailəsinin yanına aparıblar.

Bu dəfəki əfv fərmanı ATƏT, Avropa Şurası kimi beynəlxalq təşkilatların azad edilməsini tələb etdikləri 3 jurnalistə - Qənimət Zahid, Eynulla Fətullayev və Mirzə Sakitə yenə də şamil edilməyib.