http://www.bbcazeri.com

31 İyul, 2008 - Published 15:09 GMT

Qarabağ məsələsi yenidən Moskvada müzakirə olunacaq

Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Azərbaycan Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, ATƏT-in Minsk qrupunun vasitəçiliyi çərçivəsində keçirilən bu görüş zamanı münaqişənin gələcək həlli məsələləri müzakirə olunacaq.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Xəzər İbrahimin sözlərinə görə, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sabah baş tutacaq Moskva görüşü qabaqcadan planlaşdırılmış görüşlərdən biridir və onun Rusiyanın paytaxtında keçirilməsində təəccüblü bir şey yoxdur.

Xarici siyasət üzrə ekspert Ələkbər Raufoğlu isə Azərbaycan və Ermənistan nazirlərinin gözlənilən Moskva görüşünün iki baxımdan maraq doğurduğunu deyir.

Birincisi, bu görüş Azərbaycanda prezident seçkiləri ərəfəsində baş tutur.

İkincisi isə Azərbaycan qarşıdan gələn BMT Baş Assambleyasının sessiyasında ya təkbaşına, ya da GUAM təşkilatı çərçivəsində qətnamə layihəsi irəli sürməyə hazırlaşdığını bəyan edib.

Bu isə ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ələkbər Raufoğlunun fikrincə , hərəkətə gətirməyə bilməz.

O ki qaldı, görüşün nədən Moskvada təşkilinə Ələkbər Raufoğlu dedi ki, bu, Rusiyanın danışıqlar prosesində daha üstün mövqe tutmaq cəhdi kimi qiymətləndirilməməlidir.

Politoloq Rasim Müsabəyov isə hesab edir ki, xarici işlər nazirlərinin görüşləri Moskvada nahaqdan təşkil olunmayıb.

Rasim Musabəyov həmçinin nazirlərin bu görüşünün imitasiya xarakteri daşımadığını , amma yaxın zaman üçün də hər hansı nəticə verməyəcəyini dedi.