30 İyul, 2008 - Published 10:58 GMT
Dünya Ticarət Təşkilatı çərçivəsində ticarətin liberallaşmasına dair danışıqların iflasa uğraması ilə bağlı narahatlıq ifadə olunmaqdadır.
Kenya hökumət başçısının müavini deyib ki, danışıqların nəticəsiz sona çatması yoxsulluqla mübarizə proqramının sona çatması deməkdir.
Çin danışıqların iflasa uğramasını dünya iqtisadiyyatı üçün ciddi “zərbə” adlandırıb.
Avropa İttifaqı ticarət komissarı Piter Mandelson Çinin dediklərinə şərik çıxır.
"Danışıqlar ümumi uğursuzluqdur”, - deyib Piter Mandelson.
Cenevrədə keçən danışıqların uğursuz olmasında əsas “suçlular” Çin, Hindistan və Amerikadır.
Hər üç ölkə bu və digər şəkildə fermerlərinə həddən ziyadə himayəçilik etməyə çalışır ki, indiyədək mövcud olan qaydalarla ziddiyyət təşkil edir.
Dünya Ticarət təşkilatı razılaşmanın əldə olunacağına ümidvar olduğunu deyib.
“Biz cəhdlərimizi dayandırmayacağıq ”, - deyib təşkilatın nümayəndəsi Paskal Lami.