http://www.bbcazeri.com

28 İyul, 2008 - Published 13:15 GMT

Azərbaycanda demokratiyanın durumu ABŞ-da müzakirə olunacaq

Dinləmələrin təşəbbüskarı Avropa ilə münasibətlərin əlaqələndirilməsində mühüm rol oynayan Təhlükəsizlik və Əməkdaşlıq Komissiyasıdır.

İyulun 29-da Azərbaycanda Demokratiya və İnsan haqları ilə bağlı müzakirələrə bir sıra nüfuzlu senator, konqres üzvü və aparıcı mütəxəssislər qatılacaqlar.

Mətbuat üçün açıqlamada deyilir ki, sürətlə inkişaf edən iqtisadiyyata malik olan Azərbaycan hazırda enerji diversifikasiyası baxımından mühüm rol oynayaraq Amerika ilə sıx əlaqələr saxlamaqdadır.

Lakin qarşıdan gələn prezident seçkiləri ərəfəsində ATƏT, Avropa Şurası və bir sıra digər qurum və təşkilat bu ölkədə demokratiya sahəsində nöqsanların olduğunu qeyd edirlər.

Tənqidlər əsasən insan haqları, mətbuat azadlığı və siyasi məhbuslarla bağlıdır.

1976-cı ildə təsis edilmiş və qeyri-rəsmi olaraq Helsinki Komissiyası adlandırılan Avropa ilə Təhlükəsizlik və Əməkdaşlıq üzrə Komissiya hökumətin strukturuna daxil olan ayrıca qurumdur.

9 senat, 9 konqres və bir sıra mühüm nazirliklərin nümayəndələrindən ibarətdir komissiya Avropa ilə münasibətlərin qurulmasında hökumətə məsləhət və tövsiyələr vermək səlahiyyətinə malikdir.