03 İyul, 2008 - Published 14:24 GMT
Tehran ölkənin Qərbi Azərbaycan ostanında yerləşən Erməni kilsəsinə məxsus "Qarakilsə" monastr kompleksinin UNESCO-nun irs siyahısına daxil edilməsi üçün müraciət edib.
UNESCO-nun Dünya İrs Komitəsinin artıq BMT-də işə başlamış və 8 gün davam edəcək 32-ci sessiyasında 41 ölkədən daxil olmuş ərizələrə baxılacaq.
Erməni monastrlar kompleksi İranın qeydiyyata salmaq isyədiyi 9-cu abidədir.
Bundan əvvəl Qərbi Azərbaycan ostanındakı Həvari Faddey kilsəsinin UNESCO-nun irs siyahısına daxil edilməsinə dair Tehranın müraciəti tarixi abidə barədə informasiyanın yetərsizliyi ucbatından qəbul edilməyib.
İndi İrandan alınan xəbərlərdə deyilir ki, həm də "Qarakilsə" adı ilə tanınan bu dini kompleks barədə əlavə məlumatlar toplanıb və UNESCO-ya təkrar müraciət edilib.
2005-ci ildə bu kilsədə insan sümüklərinin aşkar edilməsindən sonra cəsəb qalıqlarının Xaçaçur İoanna aid olduğu barədə iddialar irəli sürülüb.
Erməni ruhaniləri bu iddianı əsaslandırmaq üçün daha çox orta əsrlərə aid Avropa səyahərnamələrinə müraciət edirlər.
Dini ədəbiyyatda göstərilir ki, həvari Faddey 80-ci ildə Ermənistan ərazisində çarmıxa çəkilməklə və sonradan oxlanmaqla qətlə yetirilib.
İranda Erməni xristian abidələrinin bərpası sahəsində xeyli işlər görülür.
İran ermənilərinin qəzeti olan "Alik"in redaktoru Derenik Melikyan öz müsahibələrindən birində bildirir ki, erməni xristian abidələrinin ən yaxşı qorunduğu ölkə İrandır.
Onun sözlərinə görə İran hökuməti bu abidələrin bərpasına mütəmadi olaraq vəsait ayırır.
Bunu da qeyd etmək yerinə düşərdi ki, İrandakı Erməni Kilsəsi İstanbul Kilsəsindən fərqli olaraq dini subordinisaiya baxımından Eçmiadzindən müstəqildir.
Bu da xəbər verilir ki, İran ümumiyyətlə UNESCO-nun irs siyahısına ən çox obyekt daxil etdirə bilmiş ölkələrdən biri sayılır.
Erməni kilsəsi, bu mənada uğurlu nəticə əldə edilərsə, İranın UNESCO-nun qanadları altında olan 9-cu obyekti olacaq.
2006-cı ildə UNESCO-nun irs komitəsi Bisütün qayaüstü rəsmlər və yazılarını öz siyahısına əlavə edib.
İranın UNESCO-nun siyahısına daxil edilmiş abidələrindən "Təxti-Süleyman" atəşpərəst məbədi də Qərbi Azərbaycan ostanının ərazisində yerləşir.
İrandan alınan xəbərlərdə deyilir ki, Tehran həmçinin yaxın gələcəkdə İran azərbaycanlılarının sevimli yeri olan "Babək" qalasının
da UNESCO-nun siyahısına daxil edilməsinə çalışacaq.