03 İyul, 2008 - Published 02:22 GMT
Türkiyədə bu gün hakim Ədalət və İnkişaf Partiyasının bağlanması tələbi ilə Konstitusiya Məhkəməsində davam edən proses çərçivəsində hakim partiyanın nümayəndələri müdafiə ilə bağlı çıxış etməlidirlər.
Onlar hakim partiyanın bağlanması tələbi ilə çıxış edən Baş prokuror Abdurahman Yalçınkayanın partiyaya qarşı irəli sürdüyü ittihamların əsassız olduğunu sübut etməyə çalışacaqlar.
Baş prokuror Yalçınkaya iki gün əvvəl çıxış edərək, AK partiyanı Türkiyədə dünyaviliyin əleyhinə yönəlmiş fəaliyyətlərin beşyinə çevrilməkdə günahlandırıb.
O Partiyanın bağlanmasını, Baş nazir Rəcəb Tayib Ərdoğan başda olmaqla partiyanın 70 fəal üzvünün siyasi fəaliyyətinə qadağa qoyulmasını tələb edir.
Konstitusiya Məhkəməsinin bu günkü ilcası ənənəvi olaraq yerli vaxtla saat 10-da başlayacaq.
AK Partiyanın mövqeyini məhkəmədə Baş nazirin müavini Cəmil Çiçək və parlamentin sədr müavini Bəkir Bozdağ müdafiə edəcəklər.
Bununla da prosesdə şifahi çıxışlar mərhələsi başa çatacaq və
Konstitusiya Məhkəməsinin məruzəçisi iddia ilə bağlı bütün sənəd və dəlilləri toplayıb öz rəyini hazırlayacaq.
Rəy məhkəmə üzvlərinə paylandıqdan sonra isə Məhkəmənin son qərar üçün iclas günü müəyyən ediləcək və qəbul ediləcək qərarla proses yekunlaşacaq.
Baxmayaraq ki, Məhkəmədə bir növ hakimiyyətin müqəddəratı həll olunur, hakim partiyanın baölanması tələbi ilə bağlı davam edən məhkəmə prosesi, indiyə qədər təbii ki böyük maraqla izlənirdi, ancaq son 3 gündür bu məsələ başqa bir prosesin, bu dəfə hələ məhkəməyə gəlib çatmayan və istintaq mərhələsində olan prosesin kölgəsində qalıb.
Türkiyə “Ergenekon” istintaqı adlanan proses çərçivəsində həyata keçirilən həbslərin şoku altındadır.
Həbs edilən 23 nəfər arasında silahlı qüvvələrin iki istefada olan generalı Jandarm Qüvvələrinin sabiq baş komandanı Şener Eruyqun və 1-ci ordunun sabiq komandanı Xurşid Tolonun olması və polisin onları hərbçilərin yaşadığı evlərdən aparması, eləcə də məhşur jurnalsit Cümhuriyyət qəzetinin Ankara təmsilçisi Mustafa Balbayla Ankara Ticarət Palatasının sədrinin də həbs edilməsi böyük əks-səda yaradıb.
Və artıq dünən məlumat verildi ki, iddianamənin hazırlanması prosesi başa çatıb.
Həmin sənəd üzərində redaktə xarakterli düzəlişlər aparılır.
Ittihamnamə 2500 səhifəyə yaxındır.
İttihamnaməyə əsasən, həbs edilən şəxslər “Ergenekon” adlı teror təşkilatı yaratmaqda günahlandırılırlar.
İttihamnamənin məzmununun açıqlanması böyük maraq doğurur, çünkü proses çərçivəsində 100-ə yaxın şəxs həbs edilib.
Onların arasında çox tanınmış şəxslər nüfuzlu hərbçilər, jurnalistlər, iş adamları, hətta partiya sədri və sabiq universitet rektoru var.
13 ay davam edən istintaq çərçivəsində ittihamnamə hələ yeni tamamlanıb.
Müşahidəçilərin fikrincə, bu qədər səsgətirən həbslərin haqlı olub olmadığı ittihamnamənin inandrıcılığından tutarlılığından
asılı olacaq.
Əks halda hakimiyyəti “Ergenekonla” öz ideoloji opponentlərinə qarşı mübarizə aparmaqda günahlandıranların mövqeləri möhkəmlənəcək.