01 İyul, 2008 - Published 15:14 GMT
Dominic Hughes
BBC News, Amsterdam
Amsterdamın ən qədim qəhvəxanalarından biri olan Ruslandda adi yay günlərindən biridir.
İllər uzunu yerlilər və turistlər buraya gələrək, rahat kətillərdə oturub, nəşə çəkərdilər. Bu marixuananı qanuni istirahət vasitəsi sayan Hollandiya üçün adi bir hal idi.
Lakin indi, iyulun 1-dən ölkənin hər yerində, ictimai yerlədə tütündən istifadə qadağan olunub. Bu isə o deməkdir ki, anaşanı tütünlə birlikdə kağıza bükmək və çəkmək olmaz.
Lakin təmiz marixuananı hələ də çəkmək olar.
Qəhvəxana sahibləri bu qadağanla mübarizə aparsalar da, xeyri olmayıb.
Ruslandın işçisi Ester Delaheyq deyir ki, müştərilərə bu qadağanın təsirini heç kim dəqiq deyə bilməz.
"Onlar bura qəhvə içmək üçün gəlmirlər. Bizə çox çətin olacaq. Hamı nə baş verəcəyini gözləyir."
Həkimlər isə bu qadağanı alqışlayır, onun uzun müddətdə insanların sağlamlığına xeyir verəcəyini deyirlər.
Onlardan biri, ağ ciyər xəstəlikləri üzrə ekspert doktor Dekkerdir:
"Hollandiya kiçik bir ölkədir. Amma bizdə az qala 4 milyon nikotindən istifadə edən var. Onlardan 2 milyonu məhz bu səbəbdən vəfat edəcək."
Amma elə səhiyyə işçiləri də var ki, tütünlə qarışdırılmamış marixuananın psixoloji təsirindən narahatdırlar. Ələxüsus da, gənclərə.
Eyni zamanda, Holland Anaşa Pərakəndə Birliyinin sözçüsü Aryan Roskam isə deyir ki, tütünsüz marixuananın ən azı ağ ciyərlərə ziyanı azalacaq:
"Anaşanı tütünsüz çəkmək daha sağlamdır, ona görə də mən bu qanunu alqışlayıram. Adamların bir çoxu onsuz da təmiz marixuana
çəkir. Marixuana tütündən az təhlükəlidir."