BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 30 İyul, 2008 - Published 14:41 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Bakı: Helsinki Komissiyasının tənqidi qeyri-obyektivdir
 
Bakı
Amerika hökuməti nəzdində müstəqil komissiya Azərbaycanda insan hüquqları və demokratiya ilə bağlı keçirdiyi dinləmələrdə Azərbaycan hökuməti ciddi tənqidlərə məruz qalıb.

Helsinki Komissiyası kimi tanınan qurumun dinləmələrində natiqlər xüsusilə media azadlığı, siyasi məhbus və seçkilərin idarə olunması istiqamətində ölkədə mövcud vəziyyəti tənqid ediblər.

Azərbaycan prezidentinin icra aparatının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanlının sözlərinə görə, Helsinki Komissiyasında keçirilən dinləmələrdə Azərbaycana qarşı qeyri-obyektiv mövqe tutulub və ölkədə demokratikləşmə istiqamətində əldə edilən uğurlar nəzərə alınmayıb.

Elnur Aslanlı həmçinin bu dinləmələrin əslində ictimai xarakter daşıdığını və gələcəkdə Azərbaycan-ABŞ münasibətlərinə hər hansı xələl gətirməyəcəyini dedi.

Helsinki Komissiyasında keçirilən dinləmələrdə Azərbaycanda media azadlığının olmadığı və 3 jurnalistin hələ də həbsdə saxlanılması məsələsi vurğulanıb.

Bu dinləmələrdən sonra onların azadlığa buraxılacağı və başqa istiqamətlərdə də hər hansı dəyişikliklərin olacağı gözlənilirmi sualına cavabında isə Elnur Aslanlı dedi ki, Azərbaycanda bütün siyasi qüvvələrin öz fikirlərinin mətbuat vasitəsilə ifadə etmək imkanı var.
Amma ölkənin müxalifət düşərgəsində Helsinki Komissiyasında olan dinləmələrə münasibət başqadır.

Azərbaycan Xalq Cəbhəsi partiyası sədrinin müavini Fuad Mustafayevin dediyinə görə, Helsinki komissiyasında Azərbaycanla bağlı qaldırılan problemlər həqiqətən də ölkədə mövcuddur.

Hətta, onun təbirincə, desək tənqid edilən məsələlərin siyahısını bir qədər də artırmaq olar.

O ki qaldı bu dinləmələrdən sonra ölkədə nəyinsə dəyişəcəyinə Fuad Mustafayev bildirdi ki, o buna inanmır.

Siyasi icmalçı Rauf Mirqədirovun fikrincə isə Helsinki Komissiyasında təşkil olunan dinləmələrdəki səsləndirilən tənqidi fikirləri yaxın yox daha çox uzaq perspektiv üçün atılan addım adlandırmaq olar.

Çünki seçkilərə çox az vaxt qalıb və bundan sonra ölkədə demokratiya istiqamətində ancaq kiçik dəyişikliklər etmək olar.

Rauf Mirqədirov bildirdi ki, Azərbaycanda demokratiya ilə bağlı vəziyyət dəyişməsə 2010-cu ilin parlament seçkiləri zamanı ölkə siyasi böhranın modelləşdirilməsi ilə üzləşə bilər.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik