http://www.bbcazeri.com

29 May, 2008 - Published 12:33 GMT

Suriya ilə bağlı BATENA-ya təzyiq artırılıb

Buş administrasiyası Suriyada mümkün nüvə proqramının axtarışlarını genişləndirmək üçün BMT Atom Energetika agentliyinə təzyiqlərini artırır

Vaşinqton israr edir ki, ötən il İsrailin hava hücumunda uçurulan binada nüvə qurğuları yerləşdirilib. Nüfuzlu Vaşinqton Post qəzetinə istinadən Suriyada daha üç obyektdə təftişlər keçirmək təklif olunur.

Suriyadakı obyektin nüvə reaktoru olduğuna dəlalət edən rəsmləri Vaşinqton ötən ay təqdim edib. İsrailin hava zərbələrinə məruz qalan həmin binanın içindəki görüntülər bəzi ekspertləri heyrətləndirib.

Şəkillərdə təsvir olunan doğrudursa, Suriyaya qarşı ciddi iddialar irəli sürmək olar. Suriyanın təkziblərinə rəğmən İsrail təyyarələri tərəfindən ötən il məhv edilən binadakı qurğular Şimali Koreyadakı nüvə obyektlərinə bənzəyir.

Lakin burda bır sıra başqa suallar da meydana çıxa bilər. Vaşinqton rəsmlərdəki reaktorun istismara veriləcək hala yaxın olduğunu bildirir. Belə olduğu təqdirdə qurğu üçün tələb olunan yanacağın mənbəyi ətrafında suallar yaranır.

Bu reaktor plutoniylə işləyən silah proqramının hissəsidirsə, onda elə plutoniy maddəsinin işlənməsi ilə bağlı əlavə obyekt də olmalıdır.

Bu istiqamətdə araşdırmalar aparılır. Xəbərlərə əsasən Amerika üç şübhəli obyektdən ibarət siyahını BMT Atom Energetika Agentliyinə verib.

Hələlik Suriyanın təftişlərə icazə verib - verməyəcəyini demək çətindir. Hazırda yerlə-yeksan edilmiş şübhəli obyektin yerində bina tikilib.

Bu isə o deməkdir ki, sahədə nəyin baş verdiyindən asılı olmayaraq, Suriya izləri ört-basdır etmək üçün kifayət qədər vaxta malikdir.