29 May, 2008 - Published 12:18 GMT
Bikarbonat insanda xərçəngin aşkar edilməsinə "kömək edə bilər"
Çay sodasını əldə etmək üçün istifadə edilən və təbii kimyəvi maddə sayılan bikarbonat həssas cihazların köməyilə xərçəngi aşkar etməyə kömək edə bilər.
Bu nəticəyə alimlər gəliblər.
Bikarbonat insan orqanizminin turşu və qələvini balanslaşdırmasına yardım edir.
Amma xərçəngi yaradan toxumaların onu karbon dioksidə çevirdiyi məlumdur.
Britaniyanın xərçəngin araşdırılması üzrə alimlər qrupu aşkar edib ki, MRİ skanneri kimyəvi maddələrdəki dəyişiklikləri dərhal qeydə alır və odur ki, xərçəngi ən erkən mərhələdə belə müəyyənləşdirmək mümkündür.
Nature dərgisi yazır ki, siçanlar üzərində analiz aparan alimlər MRİ skannerinin həssaslığını 20 000 dəfə artırıblar.
Erkən xəbərdarlıq sistemi
Onlar deyiblər ki, bundan xərçəngin aşkar edilməsində istifadə edilə bilər.
Hazırda xəstələrdə pH fərqlərini təhlükəsiz şəkildə ölçmək qeyri-mümkündür. Amma turşuluğun əsasən cəmləşdiyi əraziləri müəyyənləşdirməklə xərçəngi erkən mərhələdə aşkar etmək olar.
Müalicəyə reaksiya
"MRİ xərçəng xəstələrində pH-in qeyri-normal səviyyəsini müəyyən edə bilər. Bundan isə xəstəliyin harada olduğunu və müalicəyə necə reaksiya verdiyini müəyyənləşdirmək üçün istifadə edilə bilər. "
Dr Ferdia Qalaqer deyib ki, indi sınaqların erkən mərhələsidir. Amma bu vasitənin təhlükəsiz və effektiv olduğu aşkar edilərsə, onda onun xərçəngi erkən mərhələdə ikən müəyyənləşdirməkdəki rolu böyük olacaq.