28 May, 2008 - Published 17:47 GMT
Bu həftənin cümə günü Azərbaycan Milli Məclisi Seçki Məcəlləsinə və “Sərbəst toplaşma haqqında” Qanuna əlavə və dəyişiklikləri müzakirə edəcək.
Məhz bu qanuna dəyişikliklər Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin azad və ədalətli seçki keçirtmək üçün Azərbaycana tövsiyyə etdiyi addımlar arasında yer alacaq.
Parlamentdə tövsiyyələrin qəbul ediləcəyi hələ qeyri-müəyyəndir. Çünki çoxluqda olah hakim partiya nümayəndələri düzəlişlərin kifayət qədər qənaətbəxş olduğunu hesab edirlər.
Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin Kiyevdə keçirilən iclasında Azərbaycanda insan haqları ilə bağlı vəziyyətin pisləşməsi barədə qətnamə layihəsi qəbul edilib.
Bununla bağlı narahatıq ifadə olunan layihədə deyilir ki, yaranmış vəziyyət prezident seçkilərinin demokratik standartlara müvafiq keçirilməsi üçün hakimiyyətin göstərdiyi səylərə də zərər vurur.
Azad və ədalətli seçki keçirtmək məqsədilə layihə müəllifləri hakimiyyətə iyuna qədər 3 tövsiyyəyə təcili əməl etməyə çağırıblar.
Bunların arasında seçki komissiyalarının balanslı təşkil olunması, bütün siyasi partiyalara və bloklara bərabər şəkildə dövlətə məxsus mediada pulsuz efir və yer verilməsi, müxalifətə kütləvi aksiyalar keçirməyə icazə verməyi təmin etməklə bağlı tövsiyyələr var.
Müxalifət uzun müddətdir ki, danışılan tənqidi fikrilərin nəhayət ki, tövsiyyə şəklində qəbul edilməsindən razıdır.
Müsavat Partiyasından Arif Hacılının sözlərinə görə, demokratik seçki keçirmək üçün hakimiyyət siyasi iradə göstərməlidilir və AŞ PA tövsiyyələrinə əməl edilməlidir.
Müxalifət partiyaları Prezident Aparatından parlamentə göndərilən Seçki Məcəlləsi layihəsində bəzi dəyşikliklərin qəbulundan narahatdırlar.
Bunların arasında namizədlərin qoyduğu depozitin məbləğinin artırılması, təbliğat üçün dövlət televiziyasında pulsuz efir vaxtının aradan qaldırılması və sair var.
Milli Məclisin insan haqları daimi komissiyasının sədri Rəbiyət Aslanovanın sözlərinə görə, həm Seçki Məcəlləsinə, həm sə “Sərbəst toplaşma haqqında” Qanuna dəyişikliklər bu cümə parlamentin iclasında müzakirə olunacaq.
Rəbiyət Aslanova bildirdi ki, bir sıra Avropa qurumları “Sərbəst toplaşma haqqında” Qanuna təklif edilən dəyişiklikləri qənaətbəxş hesab edir. Amma parlamentin Seçki Məcəlləsi ilə bağlı AŞ PA Monitorinq Komitəsinin qətnəma layihəsinə birmənalı münasibət bildirməyəcəyi gözlənilir.
Azərbaycanda demokratik institutların fəaliyyətinə dair yekun qətnamənin Parlament Assambleyasının iyun ayındakı plenar iclasında
müzakirə ediləcəyi bildirilir.