27 May, 2008 - Published 13:59 GMT
Avropa Şurası Parlament Assambleyasının Monitrinq Qrupunda Azərbaycana dair yeni hesabat qəbul edilib.
"Azərbaycanda demokratik təsisatların fəaliyyəti" adlı bu hesabatda onun müəlliflərindən biri - Andres Herkelin dediyinə görə ölkə barədə son dərəcə kəskin tənqidi fikirlər yer alıb. Cənab Herkel Kiyevdə keçirilən tədbirdən dərhal sonra BBC ilə söhbət edib.
A. H.: Bizim hesabatın ilkin variantı və qətnamə lahiyəsi, kiçik düzəlişlərlə komitədə qəbul olunmuşdu. Deməliyəm ki, bu olduqca kəskin hesabatdır. Çünki jurnalistlər hələ də həbsdədirlər. Seçki Məcəlləsinə Venesiya Komissiyasının tövsiyələri əsasında dəyişikliklər edilməyib. Lakin iyunun sonunadək bu işləri görməyə vaxt var. İlk növbədə jurnalistlər Fətullayev və Zahidov qardaşları həbsdən azad edilməlidirlər. Seçki məcəlləsinin də Venesiya Komissiyasının tövsiyələri nəzərə alınmaqla dəyişdirilməsi olduqca mühümdür. Seçki Məcəlləsinə sonradan əlavə edilmiş və ziddiyyətli görünən düzəlişlər ləğv olunmalıdır. Bu işlər iyunun sonunadək görülsə, onda normal seçki keçirmək üçün şərait olacaq. Mən hələ ki ümid edirəm. Lakin hesabatın tərtib olunmasının son mərhələsidir və problemlər qalır.
BBC: Belə xəbərlər yayılıb ki, sizin son hesabatınız bir növ Azərbaycan hakimiyyəti üçün yol xəritəsi olmalıdır...
A. H.: Bilmirəm belə bir termini harada işlətmişəm. Belə də demək olar. Əsas odur ki, jurnalistlər azad olunsunlar. Biz uzun-uzadı mübahisə edə bilərik ki, bunlar siyasi məhbusdurlar, yoxsa deyillər. Lakin onları heç olmasa səhhətləri ilə əlaqədar insaniyyət naminə azad etmək lazımdır. Biz bu barədə dəfələrlə demişik, lakin heç bir tədbir görülmür. Mənə Azərbaycanla işləmək xoşdur, lakin mən istəmirəm ki, bu ölkədə siyasi məhbuslar olsun və ya "azadlıq" qəzetinin timsalında söz azadlığına təcavüz edilsin.
BBC: Cənab Herkel, Seçki Məcəlləsinə edilən dəyişikliklərdən sonra vəziyyət bir az da mürəkkəbləşib. İndi müxalifətə ümumiyyətlə paytaxtın çevrəsində mitinq keçirməyə icazə vermirlər...
|
|
A. H.: Təssüf ki, mən bu məcəlləni oxumamışam. Məndə olan məlumata görə onun hələlik yalnız Azərbaycan variantı var. Lakin mətbuat konfransında dediyim kimi, seçki məcəlləsinə edilmiş əlavələr və düzəlişlər, rəsmilərin dediyinə rəğmən heç də təkcə texniki yox, həm də siyasi səciyyə daşıyır. Elə namizədlərin ödəməli olduqları depozit məsələsini və ya telekanallarda təbliğat məsələsini götürək. Bu dəyişikliklərlə müxalifətin namizədləri heç teleekrana çıxa bilməyəcəklər. Bunlar həlli çox sadə məsələlərdir. Lakin bu problemlərlə uzun müddətdir ki, məşğul olunub.
BBC: Deməli, siz bu qənaətdəsiniz ki, namizədlər üçün qeyri-bərabər imkanlar nəzərdə tutulub...
A. H.: Hal-hazırkı vəziyyətdə normal seçki kampaniyası aparmaq imkanı yoxdur. Qaydaları dəyişmək lazımdır. Bizim bundan əvvəlki qətnaməmizdə bu işin yolları göstərilib, Azərbaycan hakimiyyətinə bu, dəflərlə deyilib. Bu, Azərbaycan haqqında səkkizinci raportdur. Biz artıq tutuquşu kimi eyni sözləri təkrar eləməkdən yorulmuşuq.
BBC: Onda bəs sonra nə olacaq?
A. H.: Mən peyğəmbər deyiləm. Mən sadəcə olaraq istəyirəm ki, hesabata müsbət dəyişikliklər barədə nə isə yazmaq imkanımız olsun.
Lakin mənim bu müsbət halları hesabata yazmağım üçün Azərbaycan hökuməti bu müsbət dəyişiklikləri etməlidir. Jurnalistlər,
xəstə olan siyasi məhbus sayılanlar həbsdən azad olunmalıdrlar, Seçki Məcəlləsi dəyişdirilməlidir. Görün bir nə qədər müddətdir
ki, insanların sərbəst toplaşma hüququna əməl edilmir. Bütün bu işləri görmək çətin deyil və bu işlər Azərbaycan hökumətinin
əlindədir.