BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 30 May, 2008 - Published 14:18 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Azərbaycan prezident seçkiləri ərəfəsi: AŞPA nümayəndəsinin rəyi
 
Andres Herkel
Azərbaycan parlamentində seçki məcəlləsinin müzakirəsinə həsr olunmuş iclasının birinci günü müxalifəti, çətin ki, qane etsin. Hər halda, Azadlıq bloku hadisələrin inkişafına bugün prezident seçkilərini boykot etmək qərarını verməklə münasibət bildirib. Bir sıra müşahidəçilər parlament müzakirələrinin seçki məcəlləsinə yalnız kosmetik düzəlişlər edəcəyi barədə fikir söyləyirlər. Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel BBC-nin Azərbaycan xidmətinə bunları deyib:

Cavab: Bilirsinizmi, indiki mərhələdə bu barədə şərh vermək çətindir. Biz, sözümüzü hər dəfə və sonuncu dəfə Kiyevdə demişik ki, Seçki Məcəlləsinə yalnız Venesiya Komissiyasının ilkin təkliflərini nəzərə alan qanun qənaətbəxş ola bilər. Mən, son sözümü qanunun son variantı qəbul edildikdən sonra bildirəcəyəm. Azərbaycanda seçki qabağı mərhələdə sərbəst toplaşma azadlığının boğulması narahatlıq doğurur. Daha bir narahatlıq - mövcud məcəlləyə edilmiş düzəlişlərdir. Biz, əlimizdəki hesabatı tamamlamaq üçün qanunun son variantını gözləyirik.

Sual: Cənab Herkel, iri müxalifət bloklarlarından biri olan Azadlıq qarşıdan gələn prezident seçkilərini boykot edəcəyini bildirib. Sizin bu qərara münasibətiniz necədir?

Cavab: Bu suala mən necə cavab verməliyəm? Deməliyəm ki, Avropa Şurası da seçkilərdə müşahidəçiliyi boykot edir? Axı bu, absurd olardı. Mən hələ heç kimi, heç vaxt seçkilərin boykotuna çağırmamışam. Odur ki, mən bu qərarı da dəstəkləmirəm. Biz, Bakıda olarkən müxalifəti seçkilərdə ən fəal iştiraka çağırdıq və eyni zamanda hökuməti müxalifətin seçki kampaniyasını apara bilməsi üçün ona normal şərait yaradılmasına çağırdıq. Mən indi də Azadlıq blokunu bu qərarına yenidən baxmağa çağırıram və bir daha Azərbaycan hökumətini müxalifət üçün kütləvi informasiya vasitələrində, xüsusən də telekanallarda kampaniya aparmasına şərait yaratmağa çağırıram. Onların mitinq keçirməsinə imkan verilməsinə çağırıram.

Sual: Lakin, digər tərəfdən, Siz BBC Azərbaycan xidmətinə son müsahibənizdə dediniz ki, indiki şəraitdə Azərbaycanda normal seçki keçirmək mümkün deyil. Yəni, Azadlıq blokunun qərarını məntiqli saymaq olar?

Cavab: Həm bəli, həm də xeyir. Belarusa nəzər yetirin. Orada imkanlar daha məhduddur, Azərbaycanda olduğundan xeyli məhduddur. Buna baxmayaraq, müxalifətin vahid lideri cənab Malenkeviç seçkilərə qatıldı. Bu, düzgün addım idi. Çünki müxalifətin məsuliyyəti budur ki, hakimiyyətə alternativ olduğunu ictimaiyyətə nümayiş etdirsin. Asan yolu seçib boykota getmək - bu vəzifəni yerinə yetirməmək deməkdir. Zənnimcə bu, siyasətdə heç də ən yaxşı davranış deyil. Mən, Azərbaycan hökumətini də bir daha bizim iyunda açıqlanacaq hesabatımıza qədər vəziyyəti normallaşdırmağa, ölkədə seçki qabağı atmosferi daha azad və ədalətli etməyə çağırıram. Söhbət təkcə seçki qanunlarından getmir. Söhbət həm də həbsdə olan jurnalistlərin, xüsusən də onlardan adları tez-tez çəkilən üçünün həbsxanadan dərhal azad edilməsindən gedir.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik