|
"Ədalətsizlik, bərabərsizlik, cəzasızlıq..."
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
"2007-ci il Qərb hökumətlərinin iqtidarsızlığı və yeni dövlətlərin istəksizliyi nəticəsində insan haqlarının ən pis böhranı
ilə xarakterizə olunur".
Bu sözləri beynəlxalq təzyiq qrupu Amnesty İnternational təşkilatının bugün açıqlanmış illik hesabatının leytmotivi hesab etmək olar. Əlamətdardır ki, təşkilatın builki hesabatı BMT İnsan Haqları Bəyənnaməsinin qəbul edilməsinin 60-cı ildönümünə təsadüf edir. Dünyanın ən qocaman insan haqları təşkilatı sayılan Amnesty International 2008-ci il hesabatında dünya boyunca 150 ölkədə insan haqları və demokratiyanın vəziyyətini şərh edib. Hesabatın builki rəngləri doğrudan da boğuqdur. "Ədalətsizlik, bərabərsizlik, cəzasızlıq, - təəssüf ki, bugünkü dünyanın nişanələridir." Bu sözləri təşkilatın rəhbəri İren Xan deyib. İnsan Haqları Bəyənnaməsinin 60 illiyinin qeyd olunduğu bir vaxtda, - deyilir hesabatda, - hələ də azı 81 ölkədə insanlara işgəncələr verilir, qəddar rəftar olunur, azı 54 ölkədə adamlar ədalətsiz mühakimə edilirlər, azı 77 ölkədə isə adamların azad danışmasına imkan verilmir. Amnesty qüdrətli ölkələri insan haqları sahəsində nümunə olmağa çağırır. Çin hökumətinə Olimpiya oyunları ilində insan haqları sahəsində veridiyi vədlər xatırladılır. Hesabatda deyilir ki, Amerika Birləşmiş Ştatları Quantanamo düşərgəsini bağlamalıdır. Sudanın Darfur əyaləti, Birma və Zimbabve əsas hərəkət məkanları olaraq tövsiyə edilir. Hesabatın Azərbaycan bölümü
Hesabatın Azərbaycana aid bölümü kifayət qədər sanballı həcmdədir. Bu bölümdə deyilir ki, Azərbaycanda söz və insanların sərbəst toplaşma azadlığı məhdudlaşdırlmaqda davam edir. Deyilir ki, Azərbaycanda müxalifətyönlü jurnalistlər təqib olunur, onlara qarşı böhtan ittihamı ilə cinayət işləri qaldırılır və bir sıra hallarda jurnalistlər hətta fiziki basqına məruz qalırlar. Hesabatda qeyd olunur ki, jurnalistləri əsas etibarilə korrupsiya və sosial-iqtisadi problemlərlə bağlı yazılarına görə təqib edirlər. Hesabatın bu hissəsində jurnalist Eynulla Fətullayevə qarşı "qanunsuz ittihamlardan və onun qanunsuz olaraq məhkum edilməsindən" söz açılır. Böhtan və qarayaxma ittihamı ilə məhkum edilmiş jurnalistlərin adları da bu hesabatda yer alıb. Bu da xatırladılır ki, İran İslam Respublikasında onları işgəncələr gözləsə də əslən İranlı Azərbaycan fəalları mütəmadi olaraq Tehrana təslim edilir. Hesabatda həmçinin Azərbaycan polisinin jurnalistlərə və etirazçılara qarşı aşırı zor işlətməsi tənqid olunur. Belə bir məqama diqqət çəkilir ki, prezident İlham Əliyev 2005-ci ildə zorakılıqlarda şübhəli bilinən polislərə qarşı cinayət işinin qaldırılmayacağını elan edib. Amnestinin illik hesabatında Azərbaycanda müstəqil və ya Qərbdən maliyyələşən QHT-lərin təqib olunmasına, onlara qarşı süni şəkildə zorakı etirazlar təşkil edilməsinə diqqət çəkilir. Hesabatda diqqət həmçinin müvəqqəti köçkünlərin ağır vəziyyətinə çəkilir və bildirlir ki, bu adamların əksəriyyəti hələ də sərbəst hərəkət və məskunlaşma azadlığına malik deyillər. Və Rusiya barədə
"Amnesty İnternational" təşkilatı Rusiyada ksenofobiya hallarının artmasından öz narahatlığını bildirib. Göstərilir ki, hökumət vəziyyətin ciddi olmasını anlasa da zorakılığın qarşısını ala bilmir. Bunun ərəfəsində isə insan haqları üzrə Moskva bürosu bildirib ki, bu il ksenofobiya zəminində hücumlar və qətllərin sayı xeyli artıb. Əsas qurbanlardan biri də azərbaycanlılardır. "Amnesty İnternational" təşkilatının bu gün yayılan məruzəsində bildirilir ki, Rusiyada rasist hücumların sayı artıb. Məruzədə mətbuata istinadən göstərilir ki, ölkə boyu milli, dini, irqi ədavət zəminində ən azı 61 nəfər öldürülüb. "Amnesty İnternational" qeyd edir ki, rasist hücumlarla bağlı cinayət işlərin artmasına baxmayaraq hökumət hələ ki işdə dönüş yarada bilmir. "Amnesty İnternational"-ın məruzəsi Moskvadakı İnsan Haqları Bürosunun bu ilin əvvəlindən baş vermiş rasist hücumlarla bağlı hesabatla bir vaxta düşüb. Büroda bildirilir ki, ilin əvvəlindən rasist hücumlar nəticəsində ən azı 66 adam qətlə yetirilib. Bu rəqəm bütün 2007-ci il ərzində qeydə alınmış rasist qətllərin sayını aşıb. Büronun eksperti Semyon Çarnıya görə, son vaxtların əsas xüsusiyyətlərindən biri millətçi basqınların daha qəddar olmasıdır: "İndi ancaq qətllərlə məşqul olan skinxed dəstələri əmələ gəlib. Əgər əvəllər bu hücümlar kortəbii xarakter daşıyırdısa indi milli azlıqlara qarşı sanki özünəməxsus ov gedir. Bir neçə belə dəstə keçən il milis tərəfindən aşkarlanıb. Hüquq mühafizə orqanları belə adamları tuturlar, həbs edirlər, bu yaxınlarda Moskvadakı Çerkiz bazarındakı partlayışla bağlı proses başa çatıb, müttəhimlər böyük həbs gəzalarına məhkum ediliblər. Ancaq bu bəs deyil, böyük təbliğat işi lazımdır, dözümlülüyü yayan proqram lazımdır, gəlmələrin inteqrasiyası üçün proqramlar lazımdır". İnsan haqları üzrə Moskva bürosunda bildirirlər ki, ilin əvvəlindən rasist hücumların birinci qurbanı özbəklər olub, bu vaxt ərzində 12 özbək qətlə yetirilib. Azərbaycanlılar 4-cü yerdədilər. İlin əvvəlindən 6 azərbaycanlı öldürülüb. Moskvadakı regional Azərbaycan milli-mədəni muxtariyyatının başçısı Ağadadaş Kərimova görə, əvvəllər azərbaycanlılar skinxedlərin sanki birinci hədəfiydisə, indi vəziyyət bir az dəyişib və bu da ilk növbədə gəlmələr arasında azərbaycanlıların sayının azalmasıyla bağlı ola bilər. Hələlik isə, insan haqları müdafiəçiləri bildirirlər ki, Rusiyada millətçi skinhedlərin sayı təxminən 70 min nəfər təşkil
edir və onlara qarşı ciddi mübarizə aparmaq lazımdır. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||