BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 12 May, 2008 - Published 14:09 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Seçki Məcəlləsinə dəyişiklər Parlamentə təqdim olundu
 
Azərbaycan Prezident Aparatı Seçki Məcəlləsinə əlavə və dəyişiklikləri özündə ehtiva edən layihəni müzakirə üçün parlamentə təqdim edib.

Layihədə məcəllənin 75 maddəsinə dəyişikliklər edilməsi istənilib.

Təklif olunan mühüm dəyişikliklər arasında prezidentliyə namizədlərin seçki fondunun yuxarı həddinin 1 milyon manatdan 10 milyona qədər qaldırılması, dövlət televiziyasında seçki təbliğatının aparılmasının qadağan olunması və s var.

Əvvəldən də rəsmilərin bəyan etdiyi kimi, seçki komissiyalarının tərkibinin dəyişdirilməsi ilə bağlı heç bir təklif yoxdur.

Belə bir dəyişikliyin qəbul edilməsində müxalifət israr edirdi. Artıq dəyişikliklər barədə layihə millət vəkillərinə paylanılıb.

Millət vəkili Zahid Orucun sözlərinə görə, dəyişikliklər exit-poll aparan şirkətlərin Mərkəzi Seçki Komissiyasında qeydə alınması, şikayətlərin qəbulu və s. barədədir.

Bundan başqa, yeni layihədə dövlət televiziyasında təbliğatın aparılması qadağan edilir.

Məlum olduğu kimi, buna qədər namizədlər dövlət televiziyasında müəyyən vaxt pulsuz təbliğat imkanına malik idilər.

Zahid Orucun sözlərinə görə, bundan sonra pulsuz təbliğat imkanı yalnız İctimai Televiziya vasitəsilə həyata keçirilə biləcək.

Milli Məclisin qanunvericilik və dövlət quruculuğu şöbəsinin sədri Lətif Hüseynovun bildirdiyinə görə, seçki kampaniyası üçün xərclənəcək məbləğin artırılması təklif olunub.

Əvvəlki məcəllədə prezidentliyə namizədlərin seçki fondunun yuxarı həddi 1 milyon manat idisə, indi bu 10 milyon manat həcmindədir.

Millət vəkilliyinə namizədlərin seçki fondunun yuxarı məbləği isə 85 min manat ididsə, indi bu, 500 min manat təklif edilir.

Seçki təbliğatı dövrünün qısaldılması bərədə təklif Prezident Aparatından təqdim olunan layihədə yoxdur.

Amma Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komissiyası da Seçki Məcəlləsinə 11 dəyişiklik təklif edir.

Bu dəyişikliklərin arasında seçki təbliğatı dövrünün 4 aydan iki aya endirilməsi barədə təklif var.

Seçki Məcəlləsinə təklif edilən dəyişikliklər hüquq siyasəti və dövlət quruculuğu komissiyasının mayın 15-də keçiriləcək iclasında müzakirə ediləcək.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik