01 May, 2008 - Published 09:19 GMT
Rusiya Abxaziyada əlavə sülhməramlı əsgərləri yerləşdirməyə başladığını xəbər verib. Müdafiə nazirliyi regiondakı rus əsgərlərinin ümumi sayının beynəlxalq müqavilələr çərçivəsində olduğunu söyləyib.
ABŞ Konqressinin beynəlxalq məsələlər üzrə komitəsi Abxaziya və Cənubi Osetiyadakı vəziyyətə dair bəyanatın layihəsini təsdiqləyib və onu Nümayəndələr Palatasının müzakirəsinə göndərib.
"Amerika Konqressinin Nümayəndələr Palatası Rusiya Federasiyasının hökuməti tərəfindən bu yaxınlarda Abxaziya və Cənubi Osetiya ilə "rəsmi əlaqələrin" yaradılmasına dair qərarını pisləyir. Bu proses bu regionlar və Gürcüstan arasında münaqişələrin tənzimlənməsi prosesini çətinləşdirir, Gürcüstan Respublikasının suverenliyini pozur və eləcə də, Rusiya Federasiyasının beynəlxalq sülh səylərinə dair öhdəliklərinə ziddiyyət təşkil edir."
Amerika Dövlət Departamentinin nümayəndəsi Şon Makkormak çərşənbə axşamı Abxaziyada rus sülh məramlılarının sayının artırılmasını pisləyib.
"Biz Rusiyanı özünün bəzi addımlarına yenidən nəzər salmağa çağırırıq."
Amerika dövlət katibinin müavininin yardımçısı Metyu Brayza isə deyib ki, " Abxaziyada sülhməramlı kontingentin genişləndirilməsi bəlkə də qanuni olsa da, siyasi və hərbi gərginliyi artıra bilər. Əminəm ki, münaqişədə vasitəçi olan Rusiya belə bir addım atmamalıdır."