30 Aprel, 2008 - Published 15:51 GMT
Avropa Şurası, ATƏT və Avropa İttifaqının Azərbaycanda fəaliyyət göstərən nümayəndəlikləri qarşıdan gələn prezident seçkiləri ilə bağlı həyata keçirəcəkləri layihələr barədə məlumat veriblər.
Beynəlxalq qurumlar əsasən seçki təbliğatı aparmaq üçün bütün namizədlərə bərabər imkanların yaradılması, mediada monitorinq aparılmasına diqqət yetirəcəklər.
Avropa Şurası, ATƏT və Avropa İttifaqının yerli nümayəndələiklərinin rəhbərləri prezident seçkilərinin demokratik keçirilməsi üçün bütün siyasi qüvvələrin seçki prosesinə cəlb olunmasının vacib olduğunu qeyd etdilər.
Bundan başqa, prezidentliyə namizədlərin hər birinə seçki təbliğatı aparmaq üçün bərabər imkanların yaradılmasına fikir veriləcək.
Beynəlxalq qurumlar seçki ərəfəsində əsasən seçki orqanlarının bacarığının gücləndirilməsi, seçki kampaniyalarının işıqlandırılması üçün mediadan bərabər istifadə imkanları, seçicilərin səsvermədə iştirakının həvəsləndirilməsi və qanunvericiliyə dəyişikliklər edilməsi ilə bağlı layihələr həyata keçirəcəklər.
Nümayişlərin keçirilməsi zamanı ictimai asayişi qoruyacaq hüquq-mühafizə orqanları işçilərinə özlərini daha təmkinli aparmaq üçün məlumatların verilməsi də nəzərdə tutulur. ATƏT səfiri Xose Luis Herrero polisin səsverməyə müdaxiləsinin yolverilməz olduğunu bildirdi:
“Aydındır ki, polis işçilərinin səslərin sayılması zamanı məntəqələrə daxil olması və bu prosesə nə cürsə müdaxilə etməsi demokratik prinsiplərdən uzaqdır. Mitinq və nümayişlərin keçirilməsinə gəldikdə isə, biz yəqin ki, yaxın gələcəkdə siyasi qüvvələrin sərbəst toplaşma hüququndan necə yararlanmaq imkanlarının olduğunun şahidi olacağıq.”
Cənab Herrero onu da dedi ki, ötən parlament seçkisində olduğu kimi ATƏT polislərlə xüsusi treninqlərin aparılmasını planlaşdırmır.
Avropa Şurasının nümayəndəsi Deni Bribosia isə dedi ki, yaxın zamanlarda “Sərbəst toplaşma haqqında” Qanuna dəyişikliklərin parlamentdə təsdiq ediləcəyini gözləyirlər.
Parlamentə təklif edilən dəyişikliklərdə nümayişlərin keçirilməsi üçün yenə də icra hakimiyyəti orqanlarından müvafiq icazə alınmalıdır. Deni Bribosia dedi ki, qanuna bu cür dəyişikliyi Venesiya Komissiyası və ATƏT ekspertləri qənaətbəxş hesab ediblər.
“Bu baxımdan mən əminəm ki, nümayişlərin keçirilməsi barədə icra orqanlarına xəbərdarlıq göndərilməsi ilə bağlı təklif olunan sistem qaneedici olacaq.”
Seçkilərlə bağlı müxalifətin irəli sürdüyü tələblərdən biri də seçki komissiyalarının tərkibinin paritet əsaslarla təşkil
olunması ilə bağlı idi. Prezidentin icra aparatının rəhbəri Ramiz Mehdiyev bildirib ki, Seçki Məcəlləsinə ediləcək dəyişikliklərdə
seçki komissiyalarının tərkibinə yenidən baxılması məsələsi yoxdur. Beynəlxalq qurumların nümayəndələri ölkə rəsmisinin bu
barədə bəyanatını şərh etmək istəmədilər.