http://www.bbcazeri.com

30 Aprel, 2008 - Published 11:15 GMT

Rusiya Abxaziya ərazisinə çox sayda qoşun gətirdi

Gürcüstandan alınan xəbərlərdə deyilir ki, Rusiya Abxaziyadakı sülhməramlı əsgərlərinin sayını artırmaq barədə vədinə bugün əməl edib.

Tbilisidən gələn xəbərlərdə deyilir ki, çox sayda zirehli texnika, ağır artilleriya qurğuları Gürcüstan Respublikası sərhədinin Abxaziya hissəsini Ruisyadan ayıran Psou çayını keçib.

Rusiyanın hərəkətini açıq təcavüz adlandıran rəsmi Tbilisi beynəlxalq birliyə, beynəlxalq təşkilatlara və BMT-yə müraciət edərək Rusiya Federasiyasına qarşı dərhal və qətiyyətli tədbirlər görülməsinə çağırıb.

Amerika və NATO narahatlıqla seyr edir

NATO Rusiyanın Abxaziyadakı əsgərlərinin sayının artırılmasına münasibət bildirib.

Alyansın sözçüsü Ceymz Appaturay NATO səfirləri Rusiyalı həmkarları ilə artıq görüşüblər.

Sözçü deyib ki, ola bilsin Rusiya bunu texniki məsələ adlandırsın, lakin bu, gərginliyi heç də azaltmır və NATO vəziyyəti narahatlıqla müşahidə edir.

Bundan bir qədər əvvəl Amerika dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Mətyu Brayza Gürcüstanın Rustavi-2 telekanalına verdiyi müsahibədə Rusiyanın Abxaziyada öz qoşunlarını artırmaq barədə qərarını təhlükəli adlandırmışdı.

O deyib ki, bu təhlükəli addım hərbi-siyasi gərginliyi daha da artıra bilər.

Cənab Brayza bildirib ki, məhz buna görə də Rusiya bir vasitəçi kimi belə bir addım atmamalıdır.

Diplomat deyib ki, necə olursa-olsun münaqişə zonasında hər hansı bir tərəfin gücdən istifadəsi qeyri-məqbuldur.

Onun fikrincə, Rusiyanın niyyəti hüquqi baxımdan qanuni ola bilər, lakin nəticə etibarilə yeni gərginliyə səbəb olacaq.

Mətyu Brayza bildirib ki, Gürcüstan bütün hallarda güclü demokratiyasını qoruyub saxlamalıdır.

Gürcüstan Rusiyanı “tammiqyaslı təcavüz”də ittiham edir

Rəsmi Tbilisi separatçı Abxaziya bölgəsində rus sülhməramlılarının sayının artırılması barədə Moskvanın bəyənatını “tammiqyaslı hərbi təcavüz” kimi qiymətləndirib.

Gürcüstanın xarici işlər naziri David Bakradze deyib ki, “bunun sülh məramı ilə edildiyinə inanmaq çətindir və bu əslində tammiqyaslı hərbi təcavüzün başlanğıcıdır”.

Aprelin 29-da Rusiya bəyan etmişdi ki, Gürcüstanın təcavüzkar niyyətləri ilə əlaqədar Abxaziya və Cənubi Osetiyada öz hərbçilərinin sayını artırır.

David Bakradze Rusiyanı həmçinin son üç ay ərzində Abxaziya və Cənubi Osetiyada birbaşa idarəetməyə keçməkdə və separatçı bölgələrin de-fakto rəhbərliyi ilə birbaşa əlaqələr qurmaqda ittiham edib.

Abxaziyadakı Rusiya sülhməramlıları bu bölgədə 1990-cı ilin müharibəsindən dərhal sonra Gürcüstanın razılığı ilə yerləşdirilib.

Bundan sonra abxazların bir qismi Rusiya pasportları almağa başlayıblar.

İndi isə Moskva öz hərəkətlərini “vətəndaşlarını qorumaq” adı altında edir.

Rusiyanın Müdafiə Nazirliyi Gürcüstanı Abxaziya ilə sərhəddə qoşunların cəmləşdirilməsində ittiham edib və bildirib ki, cəbhə boyunca yeni 15 müşahidə postu qurulacaq.

Nazirlik bölgələrə əlavə olaraq nə qədər əsgər göndəriləcəyini deməyib.

Hazırda Rusiyanın Abxaziyada 2 min, Cənubi Osetiyada isə min əsgəri var.

Ruslar müharibə istəmir...

Moskvalı ekspert Aleksandr Pikayevin zənnincə, Rusiya heç də birbaşa hərbi müdaxilə etmək fikrində deyil, o öz maraqlarını bölgədəki sülhməramlıları vasitəsilə tam qanuni təmin edə bilər, ona görə də onların sayı artırılır:

"Rusiyanın Gürcüstana hərbi hücumundan söhbət getmir, əgər deyək Gürcüstan Abxaziyaya hücum etsə Rusiya öz sülhməramlılarını işə qata bilər. Hazırda Abxaziyada 2000 Rusiyalı sülhməramlı var və indi Moskva onların sayının artırır", - deyir Aleksandr Pikayev.

Öz növbəsində digər şərhçi İvan Suxovun zənnincə, Rusiyanın hazırda Abxaziya və Cənubi Osetiyayla bağlı siyasətində elə bir faktiki dəyişiklik yoxdur, o əvvələr də bu bölgələrlə yaxın olub, indi isə bunu açıq bəyan edir:

"İnanmıram ki, Rusiya tanınmamış ərazilərin tanınmasına getsin. Sadəcə indi Abxaziya və Cənubi Osetiyayla bağlı baş verənləri özünəməxsus PR adlandırmaq olar. Prezident Putin demişdir ki, Moskvanın Kosovoya cavabı olacaq və indi Rusiya belə hərəkətlər edir. Amma prinsip etibarilə bu heç nəyi dəyişmir", - deyir İvan Suxov.

Bu baxımdan bir çox Rusiyalı şərhçilərin zənnincə, növbəti Rusiya - Gürcüstan gərginləşməsi tərəflər arasında söz güləşdirilməsi ilə də bitəcək.