http://www.bbcazeri.com

Norveç xarici işlər nazirinin Bakı səfəri

Bakıda səfərdə olan Norveçin xarici işlər naziri Yonas Göhr Store bildirib ki, seçki ilində bütün nəzərlər Azərbaycana yönəlib.

Regionun digər ölkələrində Avropa standartlarına uyğun olmayan seçkilərin keçirildiyini deyən nazir deyib ki, Azərbaycan belə bir təcrübəni təkrarlamamalıdır.

Elə bu gün prezidentin icra aparatının rəhbəri Ramiz Mehdiyev Ermənistanda prezident seçkilərindən sonra baş verən hadısələrin Azərbaycanda tətkrar olmasına imkan verilməyəcəyini deyib.

Norveçin xarici işlər naziri ilk əvvəl ölkəsində mövcud olan bir dastandan danışdı.

O dedi ki, norveçlilərin və ümumiyyətlə, Skandinaviya xalqlarının haradan gəlməsi ilə bağlı ehtimal irəli sürən dastana görə, onların əcdadları Azərbaycandan köçən tayfalardan olub. Nazir buna inanmaq istədiyini də bildirdi.

Cənab Store bu gün ölkə rəhbərliyi ilə görüşündə enerji sahəsində əməkdaşlıq, Dağlıq Qarabağ münaqişəsinin həlli imkanları ilə yanaşı, demokratik islahatların gedişini də müzakirə edib. Bundan başqa, söz və sərbəst toplaşma azadlığı da müzakirə mövzusu olub.

Norveçli nazir dedi ki, Azərbaycanda demokratik islahatlar aparılır.

O, həmçinin qeyd etdi ki, demokratiya, söz, din, sərbəst toplaşma azadlığı bir gecənin içində həll olunan məsələ deyil.

“Azərbaycan və Norveçin daxil olduğu Avropa məkanında ölkələrə seçkilərə görə qiymət verilir.

Biz Azərbaycanın qonşusu olan bəzi ölkələrdə Avropa standartlarına uyğun olmayan seçkilərin keçirildiyinin şahidi olduq.

İndi nəzərlər Azərbaycana dikilib.

Mən Azərbaycanda belə bir təcrübənin təkrarlanmamasını və demokratik tələblərə cavab verən seçki keçirilməsini alqışlayardım.”

Bu gün prezidentin icra aparatının rəhbəri Ramiz Mehdiyev isə bildirib ki, Azərbaycanda heç kimə Ermənistanda prezident seçkilərindən sonra baş verən hadisələri təkrarlamağa imkanı verilməyəcək.

O bildirib ki, buna heç kimin gücü çatmaz. Ramiz Mehdiyevin sözlərinə görə, Azərbaycanda demokratik seçki keçiriləcək və beynəlxalq təşkilatlar da bu prosesi yüksək səviyyədə müşahidə edəcəklər.

Müxalifətin mitinq keçirmək istəyinə münasibət bildirən Ramiz Mehdiyev bu niyyətin anlaşılmaz olduğunu bildirib və “Müxalifət nəyə görə insanların ölkədə sakit yaşayışına əngəl törətmək istədiyir” –deyə, soruşub.