http://www.bbcazeri.com

28 Aprel, 2008 - Published 11:02 GMT

Neft və qaz şirkətləri nə dərəcədə şəffafdır?

Londonda mənzillənən Transparency İnternational təşkilatı dünyanın 40-dan çox neft şirkətinin şəffaflıq reytinqini tərtib edib.

Burada şirkətlərin yerli hökumətlər münasibətlərindəki şəffaflıq nəzərdə tutulub.

Tanınmış şirkətlər arasında Exxon Mobile aşağı qiymət alıb, Şell şirkətinin işi isə təriflənib.

Bu gün dərc edilmiş hesabatda Tİ 42 neft və qaz şirkətini onların gəlirlərinin açıqlanmasında şəffaflıqlarının səviyyəsinə görə 3 kateqoriyaya bölüb.

Hesabat müəllifləri şirkətlərin iş apardıqları ölkənin hökumətlərinə ödənişləri, apardıqları işlər və anti-korrupsiya proqramlarında iştirakları barədə ictimaiyyətə açıq olan informasiyadan istifadə ediblər.

Ən yaxşı nəticə göstərən şirkətlər arasında İngiltərə-Holland şirkəti olan Şell, Braziliyanın Petrobras, Norveçin StatoilHidro və Kanadanın Petro-Kanada şirkətinin adlarını görmək olar.

Ən aşağı yerləri isə Amerikada mənzillənmiş EksonMobile, Rusiyanın Lukoyl və Çin Milli Ofşor Neft Korporasiyası tuturlar.

Aşağl kateqoriyaya sadəcə coğrafi seqmentlərə uyğun informasiya verməklə kifayətlənən şirkətlər daxildirlər.

Təşkilatın hesabatının rəhbərlərindən biri Xuanita Olaya deyir ki, Exxon Mobile hökumətlərə ödənişləri barədə az informasiya verir.

Lakin Exxon Mobile buna cavab olaraq deyib ki, hazırda Azərbaycan, Qazaxıstan və Nigeriyada dövlət strukturları ilə sıx işləyərək, şəffaflıq razılıqları imzalamağa hazırlaşır.

Şirkət bəyanat verərək, düzgün və etik davranış normalarına sadiq olduğunu və anti-korrupsiya proqramlarında fəal iştirak etdiyni bildirib.

BP, Şevron, Eni və Total kimi şirkətlər cədvəlin ortalarında gedirlər. Onlara təkcə çoğrafi regionlardan gəlirləri barədə deyil, ölkəbə-ölkə qazancları haqqda məlumat vermək məsləhət görülür.

Ən yüksək yerlərdə gedən şirkətlər hər ölkə üzrə ödənişləri göstərir və hətta tələb olunandan da çox informasiya təqdim edirlər.

Hesabat qalan şirkətləri bundan nümunə götürməyə dəvət edir.

Transparency İnternational deyir ki, hesabatının məqsədi resurs lənəti kimi tanınan mərəzlə mübarizədə kömək etmək, yəni yanacaq zənginliyinin ölkəyə vurduğu ziyanın, korrupsiya səviyyəsinin artırmasının və hətta silahlı münaqişələrə səbəb olmasının qarşısını almağa xidmət etməkdir.

Hesabatda yazılıb: " Mədən sənayesində məxfiliyi həm mənəvi və həm də kommersiya cəhətdən müdafiə etmək mümkün deyil."