23 Fevral, 2008 - Published 17:08 GMT
İraq Kürdistanının hökuməti Türkiyəyə xəbərdarlıq edib ki, onun ölkənin şimalına müdaxiləsinə kütləvi müqavimət göstəriləcək və buna hazırlıq artıq başlayıb.
Bundan əvvəl Iraqın xarici işlər naziri Hoşyar Zebari Türkiyəyə xəbərdarlıq edərək deyib ki, İraqın şimalında kürd döyüşçülərinə qarşı hərbi əməliyyat daha da şiddətlənsə, bu regiondakı sabitliyi poza bilər.
Cənab Zebari BBC-yə söyləyib ki, Türkiyə İraqa müdaxilə barədə xəbərdarlığı, ordusu sərhədi keçməmişdən az əvvəl göndərib. O İraqın bu əməliyyata razılıq vermədiyini və onun tez bir zamanda sona çatmasını istədiyini söyləyib.
Nazir deyib ki, Türkiyə sərhəd hücumları probleminin həllini birgə tapmağa heç bir maraq göstərməyib.
Türkiyə hərbiyyəsinə əsasən, İraqın şimalında apardığı döyüşlərdə öldürülmüş kürd silahlılarının sayı 79-a çatıb.