29 Noyabr, 2007 - Published 14:29 GMT
Britaniyada çıxan nüfuzlu Qardian qəzetinin bu sərlövhəli məqaləsi Azadlıq qəzetinin redaktoru Qənimət Zahidin həbsi ilə başlanıb, Qafqazda böyük müharibə təhlükəsi ilə bitir.
Məqalə bir-birindən ilk baxışda uzaq bu iki hadisə arasında üzvü bağlılığı izah edir.
"Qardian"" qəzetinin müxbiri Saymon Tisdol Qənimət Zahidovun həbsi ilə əlaqədar xırdalıqları Britaniya oxucusu üçün təsvir etdikdən sonra, dərhal mətləbə keçir.
"Xuliqanlıq" sözünü dırnaq arasında yazan müxbir Londonda mənzillənmiş Hərb və Sülh Jurnalistikası İnstitunundan İdrak Abbasova istinadən bildirir ki, "Qənimət Zahid söz və mətbuat azadlığı üzərinə hücumun tərkib hissəsi olan təxribatın qurbanıdır".
Qəzet yazır ki, bu cür yanaşma ilə Amerikanın Dövlət Departamenti də razılaşır.
Beləki, Qənimət Zahidin də məhkum olunacağı təqdirdə o, məhbəsdəki 9-cu Azərbaycan jurnalisti olacaq. Bu jurnalistlərin hamısı az və ya çox dərəcədə İlham Əliyev hökumətini narahat ediblər, - yazır "Qardian".
Dövlət Departamentinin rəsmi bəyanatında Azərbaycan hökuməti "qanunun aliliyi və azad mətbuatın inkişafına dəstək barədə öhdəliklərinə sədaqət nümayiş etdirməyə dəvət olunur.
"Qardian" yazır ki, ümumiyyətlə xaricdən gələn tənqid çox da səs-küylü olmayıb və Əliyev tərəfindən qulaqardına vurulub.
Qəzetin qənaətincə Azərbaycanın Vaşinqton və Avropa İttifaqı üçün Xəzər neftinin istehsalçısı və ötürücüsü olması, üstəlik İranla qonşu və Rusiyanın planlarına əngəl NATO meylli ölkə sayılması, buradakı insan haqları və demokratiyadan narahatlıq üzərinə kölgə salıb.
"Qardian" yazır ki, həm də müsəlman çoxluğa malik ölkənin dünyəvi Əliyev hökuməti Amerikanın terrorla müharibə qorxularından bacarıqla istifadə edir.
Qəzet buna misal olaraq Amerika və Britaniya səfrilikləri üzərinə gözlənilən hücumlar və ya Bakı-Ceyhan neft kəmərinin partladılacağı barədə iddiaları yada salır.
"Lakin Azərbaycanda, qonşu Ermənistan və Gürcüstanda baş verən bu kimi işləri xalça altında gizlətmək 2008-ci ildə həmişəkindən daha çətin olacaq" - yazır müxbir.
Bu ölkələrin üçü də gələn il prezident seçkiləri keçirəcəklər və keçmiş təcrübələrinə inansaq, pozuntular və fırıldaqda ittiham olunacaqlar və nəticə etibarilə zorakılığa məkan ola bilərlər.
Qəzet yazır ki, Azərbaycan və Ermənistanın Qarabağa görə kəskin silahlanma yarışında olduqları bölgəyə Amerika da İrana qarşı hərbi əməliyyat niyyətilə gəlsə, onda Qafqaz boyunca gərginlik qaçılmaz olacaq.
Müəllif yazır ki, bir vaxtlar yazıçı Tomas de Val bu regionu "Qara və Xəzər dənizləri, Avropa və Asiya, Xristianlıq və İslam, demokratiya və avtoritarlıq arasında ilişib qalmış və superdövlətlər tərəfindən gah laqeydliyə, gah da istismara düçar olan nə oralıq, nə də buralıq ərazi" adlandırmışdı.
Tomas de Val yazırdı ki, istər Amerika, istərsə də Avropa İttifaqının hər üç ölkədə geniş gündəliyi var, amma heyf ki, regionun gələcəyi üçün aydın strategiya və baxışları yoxdur.
Bütün bunlar azmış kimi yazır, "Qardian", qeyri-sabit Qafqaz üçün Kosovonun bu yanvar öz müstəqiliyini birtərəfli qaydada elan etməsi əsil tətik effekti verə bilər.
Qəzet yazır ki, İndiyədək Avropanın diqqəti Kosovonun Bosniya serblərini və Makedoniya albanlarını necə təsirləndirə biləcəyindədir.
Lakin Kosovonun üzü şərqə, Gürcüstanın Abxaziyası və Cənubi Osetiyasına təsiri, - yazır "Qardian", - Rusiyanın bu oyuna girişəcəyi təqdirdə daha mürəkkəb vəziyyət yarada bilər.
"Qərb hökumətləri nə deyirlərsə desinlər, - deyir Tomas de Val - Kosovo Qafqaz separatçılarının, vaxtın onların tərəfində olduğu və əvvəl-axır müstəqilliklərinin tanınacağı barədə inamlarını gücləndirəcək".